Əməkdaşlıq hüquqların təminatına imkan yaradacaq


Baxıldı : 33

Tarix : 2017-11-10 21:36:19


Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə keçirilən 331-ci  sessiyasında Qətərdə miqrant işçilərin qarşılaşdıqları problemlər və "kafala" sistemi müzakirə edilib. Toplantıda Qətərlə 3 illik texnki əməkdaşlq proqramı təsdiqlənib. BƏT-in baş katibi Qay Rayder Qətərin İnzibati İnkişaf, Əmək və Sosial Müdafiə naziri İssa Bin Saad əl Cəfəri ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

2014-cü ildə BƏT-in Beynəlxalq Əmək Konfransına Qətərdə miqrant işçilərin üzləşdikləri problemlərlə bağlı şikayət daxil olmuş, keçən dövr ərzində vəziyyətin dəyişdirilməsi üçün bir sıra işlər görülmüşdür. 2016-cı ildə BƏT rəsmiləri ölkəyə ziyarət təşkil edərək beynəlxalq konvensiyaların tətbiqini gücləndirmək üçün hökumətlə müzakirələr aparmışdır. Danışıqlarda miqrant işçilərin əmək şəraitinin yaxşılaşdırılması, maaşların vaxtında ödənilməsinin təminatı, həmkarlar ittifaqı təşkilatları və müvafiq qurumlar tərəfindən iş yerində yoxlamaların aparılması, məcburi əməyin ləğvi barədə ortaq qərarlar alınmışdır.

Qay Rayder deyib ki, daha öncə Qətərdə tikinti sektorunda "kafala" sistemi dəstəklənirdi. Sistem miqrant içilərin öz ölkəsinə qayıtmasına izin vermir, hökumət və işəgötürənlər tərəfindən onun sənədləri əllərindən alınırdı. Çalışanın ölkə daxilində digər bir işi seçmə imkanı da yox idi. İmzalanan tərəfdaşlıq müqaviləsi bu problemlərin həllinə və çalışanların hüquqlarının hökumət və işəgötürənlər tərəfindən tanınmasına imkan yaradacaq. Əməkdaşlığa əsasən, BƏT-in 2017-2022-ci illər Milli İnkişaf Strategiyası çərçivəsində işçi hüquqları qorunacaq.

BƏT-in baş katibi hökumətlə danışıqların müsbət sonlanmasını məmnuniyyətlə qarşıladığını proqramın önümüzdəki üç il ərzində uğurlu şəkildə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Əməkdaşlıq proqramının strateji hədəfləri BƏT-in İdarəetmə Şurasının iclasına təqdim olunan hesabatda öz əksini tapıb.

Cavid Səfərov