“Əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm”


Baxıldı : 48

Tarix : 2017-10-20 17:52:33


- Suzan xanım, komitənizə üzv olan ölkələrin, təbii ki, hər birinin özünəməxsus problemləri var. Hazırda daha çox problemli ölkələr sırasında Avropa ölkələri ön plana çıxıblar. Neçə illərdir ki, bu qitəyə qaçqın axını başlayıb. Uzun illərdir Avropanın qapısını döyən separatçılıq meyilləri indi özünü açıq şəkildə büruzə verir. Bütün bunlar qitənin təhsil sisteminə, birbaşa və ya dolayısı yolla sahə həmkarlar ittifaqlarının fəaliyyətinə təsir göstərirmi?

- Düşünürəm ki, Sizin qeyd etdiyiniz məsələlər çox önəmlidir. Ən önəmlisi, sözsüz ki, miqrantlarla, ondan da az əhəmiyyət daşımayan təhsil işçilərinin əməkhaqqısı ilə bağlıdır. Bu problemlərin həlli yollarını axtararkən, maarifləndirmə işi apararkən, fikirlərimizi çatdırarkən, sizin də dediyiniz kimi, hər ölkədə mövcud istər siyasi, istər iqtisadi, istərsə də sosial durumu nəzərə alırıq. Yəni ölkələrə problemlərinə uyğun yanaşma yolunu seçirik. Ümumilikdə götürdükdə isə, Avropada əsas problemlərdən biri müəllimlərin təhsil, təlim-tərbiyə prosesində yüksək göstəricilər əldə etməsinə nail olmaqdır. Digər problem akademik sərbəstlikdir. Akademik sərbəstlik olarsa, dərs metodunu və proqram tətbiqini müəllim özü təyin edərək müvafiq quruma bildirir. Biz bu sistemin daha verimli olacağı qənaətindəyik və bu azadlığın yaradılmasına çalışırıq. Digər mühüm bir məsələ isə iş şəraitinin yaxşılaşdırılmasıdır. Buraya əməkhaqqı, sığorta, gender problemi və texnologiyanın təlimdə tətbiqi daxildir.

Dediyim problemlərə, istisnasız olaraq, bütün ölkələrdə rast gəlinir. Bu problemlərin aradan qaldırılması, ən azı azaldılması yönündə fəal işlər görürük.

Təəssüf ki, hələ də işəgötürənlər müəllimlərin əməyinin əhəmiyyətini dərk etmir və ya dərk etmək istəmir. Bu problemi ancaq müəllimlərin həmrəyliyini təşkil etməklə aradan qaldırmaq müm-kündür.

- Avropada qanuni və ya qeyri-leqal məskunlaşmış qaçqın təhsil işçilərinin işlə, müvəqqəti də olsa, təmin edilməsi barədə məlumata mən şəxsən mətbuatda rast gəlməmişəm. Sizin təşkilat bu məsələyə fəaliyyətində yer ayırırmı?

- Etiraf etməliyəm ki, Avropa dövlətləri qaçqınların Şərqdən Qərbə miqrasiyasının və onların sosial təminatının, məşğulluğunun təşkilində acizdir. Bu məsələ iqtisadi cəhətdən də problem yaradır. Qaçqınların iş şəraiti və əməkhaqqısının qarşılanması çətinləşir.

Yeri gəlmişkən deyim ki, Avropa Həmkarlar İttifaqları Konfederasiyasının müəllimlərin maaşlarının artırılması ilə bağlı kampaniyası var. Biz də bu kampaniyaya qoşulmuşuq. Kampaniya bütün müəllimləri əhatə edir. Qarşımızda duran prioritetlərdən biri keyfiyyətli təhsildir. Bu, yerli, yaxud miqrant olsun, fərq qoyulmadan hər kəsə şamil edilir.

- Sonda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə təşkilatınızın əməkdaşlığı barədə qısa məlumat verməyinizi xahiş edirəm.

- Mən şəxsən Azərbaycan təhsil işçiləri həmkarlar ittifaqı mərkəzinin Beynəlxalq Təhsil Birliyi, istərsə də Birliyin tərkibində fəaliyyət göstərən Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsi ilə səmimi dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.

Bildiyiniz kimi, Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsi sıralarında bütövlükdə 14 milyon üzvü olan  142 həmkarlar ittifaqı təşkilatını birləşdirir.  Üzv təşkilatlar içərisində məhz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi mənim üçün xüsusi əhəmiyyət kəsb edir.

Ölkəniz Mərkəzi Avropadan uzaqda yerləşsə də, sizinlə qarşılıqlı əməkdaşlıq münasibətləri çərçivəsində bu o qədər də hiss olunmur. Təşkilatınızın regionun ən fəal həmkarlar ittifaqı olması Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin diqqətini hər zaman cəlb edir və onu sizinlə daha fəal əməkdaşlığa səsləyir.

Səmimi şəkildə deyə bilərəm ki, məhz buna görə də Mərkəzi və Şərqi Avropa Ölkələri Təşkilatlarının məsullarının iştirakı ilə dəyirmi masanın 2013-cü ildə Azərbaycanda keçirilməsini qərara aldıq.

Təşkilatınızın beynəlxalq səviyyədə öz fəaliyyətini genişləndirməsi və inkişaf etdirməsi bizim üçün çox vacibdir. Çünki bununla siz həm məlumat, ideya və yaxşı təcrübələri mənimsəyib  ölkəyə gətirir, həm də təcrübənizi beynəlxalq həmkarlar ittifaqı ilə paylaşırsınız.

Biz Beynəlxalq Təhsil Birliyinin bayrağı altında təhsil işçilərinin ən böyük beynəlxalq təşkilatı olaraq öz qanuni hüquq və mənafelərimiz naminə çiyin-çiyinə mübarizə aparmalı, istəklərimizə çatmalıyıq. Düşünürəm ki, bu yolda Azərbaycan bizim üçün çox mühüm bir tərəfdaşdır.

 

B.RZAYEV