Əməkdaşlıq qiymətləndirildi


Baxıldı : 62

Tarix : 2018-10-06 05:21:39


Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov, müavinləri Zenfira Bünyatova və Mehman Fərzəliyev “Odlar Yurdu” Universitetində olmuşlar. M.Salmanov peşə bayramı münasibətilə ali məktəbin kollektivini təbrik etmişdir. Demişdir ki, ittifaqımızın üzv təşkilatlarından 10-u təhsil müəssisəsidir. Bu müəssisələrdə ümumilikdə 820 nəfər müəllim-professor çalışır. Onlar 3479 gəncin təlim-tərbiyəsi ilə məşğul olurlar. Bizim bu kollektivlərlə yaxşı əlaqələrimiz var. Respublika Komitəsi Rəyasət Heyətinin iclaslarına çıxarılan məsələlər arasında müəllimlərin əmək, sosial problemləri, istirahəti də mühüm yer tutur. Üzv ali məktəblərdə bir çox tədbirlərin hazırlanmasında ilk həmkarlar ittifaqı komitələri də yaxından iştirak edirlər. Tələbələrin təhsildə yüksək nəticələr əldə etməsi üçün stimullaşdırıcı təşəbbüslərimiz də olur. Biz tələbələrin istehsalata hazırlanması istiqamətində də rektorluqlarla birgə planlar işləyib həyata keçiririk.

M.Salmanov çıxışında ali məktəb rəhbərliklərinin, o cümlədən “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin həmkarlar ittifaqı təşkilatı ilə səmərəli əməkdaşlığını da yüksək qiymətləndirdi. “Təqdirəlayiq haldır ki, Əhməd müəllim həmkarlar ittifaqı komitəsinin əksər tədbirlərində şəxsən iştirak edir, qaldırılan məsələlərin öyrənilib tətbiqi barədə göstərişlər verir. Əlbəttə, bu münasibət son nəticədə universitetdə kollektivin qüvvələrinin əsas hədəfə - təhsildə yüksək göstəricilər qazanılmasına nail olmağa gətirib çıxarır.

Bu münasibəti nəzərə alaraq Respublika Komitəsinin Rəyasət Heyəti hörmətli Əhməd Vəliyevi həmkarlar ittifaqı ilə sıx, faydalı əməkdaşlığa görə Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif etməyi qərara alıb. İcazənizlə həmin təltifləri Əhməd müəllimə təqdim edirəm.

Ə.Vəliyev mükafatlara və universitetin uğurlarına verdiyi töhfəyə görə, Respublika Komitəsinin rəhbərliyinə, aparat işçilərinə təşəkkürünü bildirdi. Dedi ki, əməkdaşlığımız bundan sonra da davam edəcək.

Həmin gün Respublika Komitəsinin məsul işçiləri “Biznes” Universitetinin də qonağı oldular. Universitetin rektoru İbad Abbasova “Həmkarlar ittifaqı işində fəal iştirakına görə” Fəxri Fərman və qiymətli hədiyyələr verdilər.