Əməkdaşlıq təhsilin keyfiyyətinə müsbət təsir göstərir


Baxıldı : 34

Tarix : 2017-11-10 22:01:44


Noyabrın 9-da C.Naxçıvanski adına Hərbi Liseydə 2016-2017-ci tədris ilində fərqlənən kursantlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri diplomlarının, sahə həmkarlar ittifaqı respublika komitələrinin pul mükafatlarının təqdimedilmə mərasimi olmuşdur.

Mərasimdə çıxış edən liseyin şəxsi heyətlə iş üzrə rəis müavini, polkovnik-leytenant Kamran Nəsibov demişdir, AHİK mədəni himayəyə götürdüyü bu təhsil ocağında uzun illərdir müxtəlif formatlı tədbirlər həyata keçirir. İlboyu davam edən zəka müsabiqələri, ədəbi-bədii, idman yarışları həm gənclərimizin mənəvi zövqünü, təfəkkürünü, dünyaya baxışını formalaşdırır, həm Vətənə, tariximizə, ənənələrimizə məhəbbətini, marağını artırır, həm də fiziki sağlamlıqlarını möhkəmləndirir.

Mükafatlandırma mərasiminin məhz noyabrın 9-na - Dövlət Barağı Gününə salınması da vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından rəmzi məna daşıyır.

K.Nəsibov bildirdi ki, həmkarlar ittifaqının bizimlə sıx, təmənnasız əməkdaşlığı liseydə təhsilin keyfiyyətinə də müsbət təsir göstərir.

Bu sətirlərin müəllifi çıxış edərək liseyin komandirlər heyətinə və kursantlara AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını və təbriklərini çatdırdı. Bildirdi ki, şəxsən Səttar müəllimin təşəbbüsü və təşkilatçılığı ilə AHİK və üzv qurumlar fəaliyyətlərində gənclərlə işə geniş yer ayırır. Onların, gələcəyin layiqli aparıcı simaları olaraq, savadlı, zəhmətkeş, əxlaqlı, vətənpərvər insanlar kimi yetişməsi üçün çox işlər görürlər.

Sonra 2016-2017-ci tədris ilinin yekunlarına görə yüksək nəticələrə nail olan, liseyin ictimai işlərində fəal iştirak edən 26 kursantın hər birinə AHİK-in Fəxri Diplomu və sahə həmkarlar ittifaqlarının 50 manat məbləğində pul mükafatı təqdim edildi.

K.Nəsibov mərasimə yekun vuraraq gənclərə göstərilən diqqət və qayğıya görə AHİK-ə, şəxsən bu qurumun sədri, millət vəkili Səttar Möhbalıyevə minnətdarlığını bildirdi.

(Mükafatlandırılmış kursantların şəkilləri qəzetimizin növbəti saylarının birində dərc ediləcək)

Xoşqədəm BAĞIROVA,

AHİK-in mütəxəssisi