Əməkdaşlıq ümumi işin xeyrinədir


Baxıldı : 26

Tarix : 2019-11-29 18:52:55


Noyabrın 26-da Əkinçilik Elmi Tədqiqat (ET) İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin 2017-2019-cu illərə dair hesabat-seçki yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə açan institutun direktoru Cavanşir Təlai həmkarlar ittifaqının bu elm ocağının ictimai həyatında oynadığı roldan, sosial problemlərin həllinə verdiyi töhfələrdən danışdı.

Hesabat məruzəsi ilə İnstitutun HİK sədri Sevindik Dünyamalıyev çıxış etdi. Son iki il ərzində görülmüş işlər barədə geniş məlumat verdi. Bildirdi ki, bu müddət ərzində komitənin bürosunda müxtəlif məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir. Üzvlərin ərizə və təkliflərinə baxılmışdır. Bu təkliflərin əksər qismi kollektiv müqavilədə də əksini tapmışdır. Rəhbərlik və yuxarı təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurulmuşdur.

 “İnstitutun seleksiyaçı alimləri tərəfindən 170-dən çox dənli, dənli-paxlalı bitki sortları yaradılmış və onlardan 71-i Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Reyestrinə daxil edilmişdir”, - dedi. Bildirdi ki, şöbə və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri əsasında institutun əməkdaşları respublikanın müxtəlif bölgələrində təlim seminarları keçmişlər. Son dövrlər institut rəhbərliyinin respublikanın müvafiq ali təhsil müəssisələri ilə apardığı danışıqlar nəticəsində cavan kadrların və magistrlərin işə cəlb olunması istiqamətində mühüm işlər həyata keçirilir. Eyni zamanda rəhbərlik tərəfindən elmi işçilərin və gənc mütəxəssislərin dünyanın müxtəlif ölkələrində elmi biliklərinin və ixtisaslarının artırılması üçün konfranslarda, seminarlarda, təcrübə mübadiləsində iştirak etmələrinə şərait yaradılır.

Həmkarlar ittifaqı təşkilatı ötən dövr ərzində mədəni-kütləvi tədbirlərin sayını daha da artırmışdır. Hər il institut əməkdaşları tərəfindən 20 Yanvar və Xocalı şəhidlərinin əziz xatirəsi yad olunur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 8 Mart-Beynəlxalq Qadınlar Günü, Novruz bayramı təntənəli surətdə qeyd edilir.

Həmkarlar ittifaqı təşkilatı elmi işlərin keyfiyyətinin, səmərəliliyinin yaxşılaşdırılması, əməkdaşlar arasında sağlam mühitin yaradılması, nizam-intizama riayət edilməsi, ictimai işlərin təşkili istiqamətində rəhbərliklə birgə fəaliyyət göstərir.

Sonda yığıncaqda təşkilati məsələyə baxıldı. S.Dünyamalıyev yenidən institutun HİK sədri seçildi.