Əməkdaşlıq uğurların təminatçısıdır


Baxıldı : 123

Tarix : 2017-07-14 23:48:21


İyulun 7-də keçirilmiş Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının III qurultayı bir daha göstərdi ki, bütün uğurların əsasında reallığa söykənən sosial dialoq, nəticəli əməkdaşlıq və kadr peşəkarlığı durur. İclası giriş sözü ilə açan sahə Hİ Respublika Komitəsinin sədri Akif Məmmədov dedi ki, hələ II qurultay ərəfəsində 2012-ci ildə baş tutan hesabat-seçki kampaniyası zamanı həmkarlar ittifaqının cəmiyyətdəki rolu, mövqeyi, digər ictimai birliklərlə əlaqələri və ictimai-siyasi proseslərə münasibəti geniş müzakirə obyekti olmuşdu. Bu müzakirələrin nəticəsi olaraq sosial tərəfdaşlığa, kollektiv müqavilədəki öhdəliklərin reallığına, kadr və fəalların, o cümlədən qadın və gənclərin seçkili orqanlarda təmsil edilmələrinə xüsusi diqqət yetirilmişdir.

Əməkdaşlığın və sosial dialoqun həmkarlar ittifaqı işinə verdiyi fayda Respublika Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Xəyalə Məmmədovanın təqdim etdiyi hesabat məruzəsində konkret faktlar əsasında geniş şəkildə əksini tapdı. Məruzədə deyildi ki, Respublika Komitəsinin xidmətində olan bütün təşkilatlarda kollektiv müqavilələr bağlanıb. Kollektiv müqavilələr layihə şəklində müzakirə edilib. İşçilərin rəy və təklifləri nəzərə alınmaqla son variantı tərtib olunub.

Məruzəçi kollektiv müqavilədə götürülən öhdəliklərin bir neçəsini qurultay nümayəndələrinin diqqətinə çatdırdı. Məsələn, dedi ki, bu sənədin şərtlərinə görə, işçi vəfat etdikdə, yaxud istehsalatda bədbəxt hadisə nəticəsində həyatını itirdikdə onun ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulandan əlavə müavinət ödənilir.

X.Məmmədova sonra dedi, Respublika Komitəsi "Azərsu" ASC-nin aidiyyəti qurumları ilə birlikdə əməyin təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə, yanğından mühafizəyə və sair məsələlərə dair qaydalar işləyib hazırlamış, müəssisə və təşkilatlara göndərmişdir.

İş yerlərində fiziki faktorların faktiki göstəricisini müəyyən etmək məqsədilə müəssisələrdə attestasiya keçirilmişdir. Zərərli iş şəraiti aşkara çıxarılan sahələrdə, sexlərdə çalışan işçilərin əməkhaqlarına təyin olunmuş əmsallar tətbiq edilmişdir. Bütün müəssisə və təşkilatlarda işçilərin dövri tibbi müayinədən keçirilməsi təmin edilmişdir.

“Azərsu" ASC və Respublika Komitəsinin birgə imzaladıqları əmr-qərara əsasən, orden, medal və fəxri adlara layiq görülmüş işçilərə əlavə ödəniş verilir.

Xəyalə xanım qeyd etdi ki, yeni təlim-tədris mərkəzi yaradılmışdır. Mərkəzin yaradılmasında əsas məqsəd peşəkar kadrların seçilməsi, yenidən hazırlanması, ixtisaslarının təkmilləşdirilməsi, bilik səviyyəsinin qaldırılmasıdır.

Bundan əlavə, hər il xeyli sayda həmkarlar ittifaqı kadrı peşə bacarığını Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bazasında təşkil edilən ixtisasartırma kurslarında daha da təkmilləşdirir.

X.Məmmədova işçilərin istirahətlərinin təşkili sahəsində görülən işlərdən də söz açdı.

Qurultayda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev ötən müddətdə sahə həmkarlar ittifaqının  fəaliyyətində nəzərəçarpacaq müsbət dəyişikliklərin müşahidə olunduğunu dedi.

"Azərsu" ASC-də işçilərə yaradılan əmək şəraitini, əməyin mühafizəsi və sosial təminat məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək müvafiq tövsiyələrini verdi.

S.Möhbalıyev Azərbaycanda su təsərrüfatının inkişafında qazanılan nailiyyətlərə və işçilərin  sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun Ümumhəmkarlar İttifaqları Konfederasiyasının "25 illik" gümüş xatirə nişanı ilə təltif olunduğunu bildirdi. Bu mükafatı "Azərsu" ASC-nin sədrinə təqdim etdi.

Q.Hüseynova həmçinin işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində  göstərdiyi xidmətlərə görə sahə Hİ Respublika Komitəsi tərəfindən təsis edilmiş "Ən yaxşı sosial tərəfdaş" mükafatı da təqdim olundu.

Q.Hüseynov çıxış edərək təltiflərə görə minnətdarlığını bildirdi. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verdi. Dedi ki, işçilərin normal iş şəraiti ilə təmin edilməsi, onların hüquq və mənafelərinin qorunması,  sosial təminatının yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilir. Bu sahədə sahə həmkarlar ittifaqı təşkilatı ilə sıx əməkdaşlıq mövcuddur. Bundan sonra da birgə fəaliyyət sayəsində işçilərin sosial problemlərinin həlli diqqətdə saxlanılacaq.

Sonra təşkilati məsələlərə baxılıb. Akif Məmmədov növbəti müddətə Respublika Komitəsinin sədri seçilib. Qurultayın sonunda sahə həmkarlar ittifaqının fərqlənən üzvləri mükafatlandırılıb.

 B.RZAYEV