“Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri” mövzusunda beynəlxalq konfrans


Baxıldı : 82

Tarix : 2018-02-09 22:48:21


Fevralın 6-da Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev konfransda çıxış edərək deyib ki, bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resursların israfçılıqla istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder tərəfindən BƏT-in 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Əminliklə qeyd etmək olar ki, yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması və yeni texnologiyaların tətbiqi əmək bazarının inkişafında həlledici rol oynayır. Artıq Cənubi Koreyada hər 10 min işçiyə 478, Yaponiyada 315, Almaniyada 292, ABŞ-da 164 robot düşür və bu say sürətlə artır. Hətta insan resurslarının bolluğu ilə seçilən Çində bu sahədə ən yüksək artım müşahidə olunur. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, artıq əmək sferasının da transformasiyasına səbəb olur. Həm də, təəssüf ki, bu transformasiya dəyişikliklərin vektorunun sosial ədaləti təmin etmək tərəfə deyil, əks istiqamətə yönəldiyi bir şəraitdə baş verir.

AHİK sədri qeyd edib ki, qlobal iqtisadiyyatda istehsal gücləri insanların tələbatını ödəməyə və yoxsulluğu aradan qaldırmağa imkan verdiyi halda, iqtisadiyyatın daxili mexanizmləri kütləvi işsizlik və tam olmayan məşğulluq doğurur, genişmiqyaslı sosial təcridolunmaya səbəb olur. Son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75 faizdən 65 faizə qədər azalıb. Dünya əhalisinin cəmi 27 faizi səviyyəli sosial müdafiə ilə əhatə olunur. Son 25 ildə beynəlxalq miqrasiya 50 faizdən çox artaraq hazırda 232 milyon kişi və qadını əhatə edir. Onların çoxu da qəbul edildikləri ölkələrdə yüksək işsizlik və tam sosial müdafiəsizliklə, bəzən isə açıq ksenofobiya və rasizmlə üz-üzə qalırlar.

Əməyin gələcəyi təşəbbüsü üzrə BƏT tərəfindən müzakirə üçün təklif olunan mövzular (“əmək sferası və cəmiyyət”, “əməyin və istehsalın təşkili”, “hamı üçün layiqli iş yerləri” və “əmək sferasının idarə olunması”) yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, miqrasiya prosesləri, təhsil imkanlarının genişləndirilməsi kontekstində əmək sferasına daha geniş bucaq altında nəzər salmaq və bu sahədə baş verə biləcək dəyişikliklərə öz baxışımızı formalaşdırmaq imkanı yaradır. Ölkəmizdə bu tədbirlər sosial inkişafla qarşılıqlı əlaqədə olan məqsədyönlü iqtisadi siyasətin həyata keçirilməsi ilə bağlıdır. Məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına yönəldilmiş balanslaşdırılmış makroiqtisadi siyasət müəyyən nəticələrlə ifadə olunub.

Səttar Möhbalıyev iştirakçıların nəzərinə çatdırıb ki, respublikamızda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkədə sosial-iqtisadi islahatların yeni mərhələsinə start verilib. Dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranının iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirə baxmayaraq, görülən kompleks tədbirlər nəticəsində 2017-ci ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edib, qeyri-neft sənayesi 5 faiz, o cümlədən kənd təsərrüfatı 2,6 faiz artıb. Son 10 il ərzində isə ölkənin ümumi daxili məhsulu 3 dəfədən çox artıb, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə və orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb, işsizlik  5 faiz səviyyəsində saxlanılıb.

“Əməyin gələcəyi” konsepsiyasından irəli gələn təşəbbüslər, xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin mərkəzində dayanır.

Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanan Layiqli Əmək üzrə Ölkə Proqramı sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti bir addımdır. Beynəlxalq əmək normalarının və əmək münasibətləri sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, səmərəli aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsilə məşğulluğun artırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi və sosial müdafiə sisteminin gücləndirilməsi Ölkə Proqramının prioritetlərini təşkil edir.

“Əməyin gələcəyi” təşəbbüsü, ilk növbədə, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada müzakirə olunub. Komissiyada həmin təşəbbüs üzrə geniş müzakirələrin keçirilməsi üçün milli prioritetlər əsasında dörd mövzu - “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri”, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”, “Layiqli əməyin cəmiyyətin rifahında rolu” və “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu” müəyyən olunub. Aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm və təhsil ocaqlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə həmin mövzularda Azərbaycanda əmək sferasının perspektivləri ətrafında müzakirələr aparılıb.

Güclü, dayanıqlı, tarazlaşdırılmış, inklüziv və kifayət qədər iş yerləri olan iqtisadi artımın təmin edilməsi, innovasiya elementlərinin tətbiqi və əmək bazarında zəruri bacarıqların artırılması əsasında əmək sferasının perspektivlərini düzgün qiymətləndirərək, gələcəkdə bu sahədə baş verəcək transformasiya ilə bağlı bütün çağırışlara əmək məhsuldarlığının yüksəldilməsi ilə cavab vermək üçün indidən bu proseslər ciddi təhlil olunmalı və düzgün addımlar müəyyənləşdirilməlidir.

AHİK sədri daha sonra vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi və əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib.

Bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il martın 17-də imzaladığı “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Komissiyaya icra orqanlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti daxil edilib.

Yuxarıda adıçəkilən Sərəncama uyğun olaraq ölkə Prezidenti tərəfindən 2017-ci il oktyabrın 9-da “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında yeni Sərəncam imzalanıb.

Tədbirlər planı beş bölmədən ibarətdir: normativ-hüquqi aktların təkmilləşdirilməsi; inzibatçılığın təkmilləşdirilməsi; qeyri-rəsmi məşğulluğun qarşısının alınması; monitorinq və qiymətləndirmə sisteminin qurulması; qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili.

Bu planın icrası nəticəsində mərhələ ilə 1 milyon qeyri-rəsmi məşğul olanların formal sektoruna cəlb olunması hədəfə alınıb. Qeyd etmək lazımdır ki, tədbirlərin icrasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da yaxından iştirakı nəzərdə tutulub.

Çıxışının sonunda S.Möhbalıyev bildirib ki, Azərbaycan Respublikasının məşğulluq və əmək bazarı sahəsində aparılan islahatlar nəticəsində əldə etdiyi nailiyyətlər nəzərə alınaraq ölkəmiz BƏT tərəfindən BMT-nin 2030 Gündəliyinin və Davamlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı region üzrə fokus ölkə seçilib.

Bununla əlaqədar 2018-ci il mayın 21-də Bakıda BƏT-in Baş direktoru Qay Rayderin iştirakı ilə 8-ci Davamlı İnkişaf Məqsədlərinin icrasına həsr edilmiş “Davamlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu konfransın işində yaxından iştirak edəcək və ona öz töhfəsini verəcək.

BHİK-in prezidenti Joao Felisio bildirib ki, müzakirə olunan mövzu müasir dövrdə beynəlxalq həmkarlar ittifaqları hərəkatı üçün çox vacıbdir. Biz dərin transformasiya və işçi sinfinin hüquqlarının əleyhinə hücumların qarşısını almaq üçün konkret siyasi və təşkilati yolları burada göstərməliyik. İş yerlərində işçilərin fiziki varlığı və azadlığı tendensiyası artıq mövcuddur. Lakin bir çox ölkədə yetərincə həmrəyliyi olmayan işçilər əmək bazarından sıxışdırılıb çıxarılır. Beləliklə, işsiz və təhlükəli işçilərin sayı artır. Hətta onların sayı bəlkə də rəsmi işçilərin sayından çoxdur. Böyük şirkətlərdə işçi qüvvəsinin cəmləşdirilməsi həmkarlar ittifaqı-işçi əlaqəsinə təsir edir.  Kompüterlər, robotlar və rəqəmsallaşdırma işçilərin iş yerindən uzaqlaşdırılmasına gətirib çıxarır. Nəticə etibarilə həmkarlar ittifaqları üçün yeni problemlər yaranır. Biz burada bir məsələni, həmkarlar ittifaqlarına qarşı hücumların qarşısının qlobal səviyyədə alınmasını diqqətə çatdırmaq istəyirik. Sadalanan bu təcavüzlər bütün beynəlxalq həmkarlar ittifaqlarını birgə mübarizəyə sövq edir.

İş yerlərində sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizliyinin təminatı, analıq məzuniyyətinin verilməsi, gəlirin ədalətli bölgüsü  və sairə məsələlər hər zaman diqqət mərkəzindədir.

Aparılan bir hesablamaya görə, işsizlik hər il müəyyən sayda insanın həyatını itirməsi ilə nəticələnir. İşçilər üzərində qanunun nəzarətinin ləğvi iş dünyasını mübarizə meydanına çevirir, ən güclülər və faydası çox olanlar sağ qalır.

2015-ci ilə qədər bütün dünya üzrə  müxtəlif sahələrdə işləyən gənclərin böyük hissəsi hələ də yoxsulluq şəraitində yaşayırdı. Gənclərin peşələrə cəlb edilməsi üçün daha çox işlər görülməlidir. Dərisinin rənginə və etnik mənsubiyyətinə görə qoyulan ayrı-seçkilik də işsizlərin sayını artırmaqdadır.

Gender bərabərsizliyinə qarşı mübarizə həmkarlar ittifaqlarının  qarşısında duran ən ümdə vəzifələrdən biridir. Kişi və qadınlar arasında müxtəlif sahələrdə bərabərsizlik hələ də davam etməkdədir. Dünyada əməkçi qadınlar arasında 15 faiz əməyinin haqqı tam ödəniliməyən ev işçisi vardır. Kişilər arasında ev işlərində çalışan işçilərin sayı 5 faizə yaxındır. Kişilər və qadınlar arasında bərabər səviyyəli əməkhaqqı ödənişinə nail olmaq üçün 70 ildən artıq vaxt lazımdır.

BƏT bu vəziyyəti aradan qaldırmaq üçün bir sıra təcili tədbirləri həyata keçirməlidir, bərabər dəyər prinsipinə əsaslanan ödəmələri təşviq etməlidir. Peşə və sektorlar arasında ayrı-seçkiliyin əsas səbəblərinin həllinə nail olmalıdır. Beynəlxalq həmkarlar ittifaqları bütün qərar qəbuletmə sahələrində bərabərliyin təmin edilməsində təkidli olmalıdır.

Kapitalın qloballaşması həmkarlar ittifaqının mübarizəsini də qloballaşdırır.

IV Sənaye İnqilabının təsirlərinin həll yolları, həmkarlar ittifaqı hərəkatının qlobal istehsal zənciri ilə xarakterizə olunan məhsuldar modelinin yaradılması çağırışına uyğunlaşdırılması bunu tələb edir.

Həmkarlar ittifaqı hərəkatı, nə qədər güclü və mütəşəkkil olursa-olsun, təkbaşına milli və beynəlxalq kapitalın təzyiqinə davam gətirməlidir.

Yalnız geniş və kütləvi etirazlar səviyyəsində dünyadakı ictimai və peşə hərəkatlarının demokratiyaya etinasızlığının qarşısını ala bilər. Həmkarlar ittifaqının bazası ilə ünsiyyət yolunun əsas bir nöqtəsi olmalıdır.

BƏT Moskva bürosunun mütəxəssisi Qoça Aleksandriya belə vacib tədbirin keçirilməsinə görə təşkilatçı ölkəyə minnətdarlığını bildirib. O,  AHİK-in V qurultayına təbriklərini çatdırıb, AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevə və yeni seçilən heyətə uğurlar arzulayıb. Qeyd edib ki, AHİK-in sosial dialoq, iqtisadiyyatın inkişafı, məşğulluğun artırılması və yoxsulluğun azaldılması istiqamətində nailiyyətləri təqdirəlayiqdir. BHİK-in prezidentinin bu tədbirdə iştirakı Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq həmkarlar ittifaqlarının bir hissəsi olduğunun bariz nümunəsidir.

Konfrans “Dayanıqlı inkişaf və sosial ədalətin təmin olunması baxımından əməyin gələcək sferası”, “Beynəlxalq əmək standartlarına riayət edilməsini yaxşılaşdırmaq kontekstində layiqli əmək şəraitinə dəstəyin yeni üsulları”, “Əmək sahəsində baş verən dəyişikliklərə səmərəli təsir göstərmək üsulu kimi sosial dialoqun mühümlüyü”, “Yeni texnologiyaların inkişafı, iqtisadiyyatın və sosial müdafiənin minimal standartlarının bütün sahələrdə məşğulluğun təmin edilməsi üzrə yeni vəzifələr” mövzularında panel iclasları ilə işini davam etdirib.

Azər MUSTAFAYEV