Əməyin mühafizəsi, təhlükəsizliyi ilboyu həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur


Baxıldı : 410

Tarix : 2018-04-14 00:35:14


Beynəlxalq Əmək Təşkilatı bu il Ümumdünya Əməyin Mühafizəsi Gününü “Əməyin mühafizəsi: xüsusən həssas təbəqə - gənc işçilər” çağırışı altında keçirilməsi haqqında qərar qəbul etmişdir. Beynəlxalq təşkilatın bu çağırışına Azərbaycan həmkarlar ittifaqları da qoşulmuşdur. “Həmin gün ölkəmizdə hansı tədbirlərlə qeyd olunacaq?” sualı ilə AHİK-in Əməyin Mühafizəsi Şöbəsinin müdiri Vladimir Arqutkinə müraciət etdik. O dedi, əməyin mühafizəsi, təhlükəsizliyi, işçilərin sağlamlığı və ətraf mühitin təmizliyinin təmin edilməsi təkcə müəyyən günlərdə deyil, ilboyu həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur.

Sənaye müəssisələrinin əksəriyyətində istehsalat zədələnmələrinin ümumi səviyyəsinin aşağı düşməsinə baxmayaraq, hələ də bu sahədə narahatlıq doğuran problemlər çoxdur.

Bir çox işçi əlverişsiz əmək şəraitində, yüksək risk altında işləyir. Bu da insan və iqtisadi itkilərə səbəb olur. Bu itkilərin miqdarı illik ÜDM-in 4 faizə qədərini təşkil edir.

BƏT-in məlumatına görə, əlverişsiz əmək şəraitinin doğurduğu xəstəliklər və təhlükəsizlik texnikası tələblərinin pozulması nəticəsində ümumdünya miqyasında hər il 2 milyona yaxın insan həlak olur ki, onların da 15 faizə qədəri bədbəxt hadisələrin payına düşür.

Təəssüf ki, istehsalat xəsarəti alanlar sırasında gənclər daha çoxdur. Bunun səbəbini izah edən V.Arqutkin dedi ki, son onilliklər ərzində iş yerləri texnoloji cəhətdən təkmilləşməkdədir. Bu da işçilərin əmək şəraitini dəyişdirir.

İşçilərin iş üsullarının dəyişdirilməsi, məsələn, məşğulluğun qeyri-stabilliyi, davamlı olmaması, yüksək stresslə müşayiət olunması nəticəsində işçi “yeni risklərlə” üzləşir, gənclər də belə gərgin iş şəraitinə uyğunlaşmağa məcbur olurlar. Bir çox iş yerlərinin yaş xüsusiyyətləri və gender balansı dəyişikliyə məruz qalır.

Müxtəlif səbəblərdən gənc işçilər daha çox risk qrupuna daxil olurlar. Bu səbəblər sırasında gənclərin iş təcrübəsinin azlığını, iş yerlərində mövcud təhlükələrin və qəza vəziyyətlərinin daha geniş dərk etməmələrini, təhlükəsizlik texnikası və əməyin gigiyenası məsələlərinə dair biliklərinin azlığını, qanunlar və şəxsi hüquqları barədə məlumatsızlıqlarını və digər amilləri göstərmək olar.

Konfederasiya gənc işçilərin sağlamlığı və təhlükəsizliyinin qorunması, iş yerlərində və kollektivlərdə onlar üçün sağlam və əlverişli mikroiqlim şəraitinin yaradılması üçün kompleks tədbirlər işlənib həyata  keçirilməsini zəruri sayır. Konfederasiyanın təşəbbüsü, tövsiyəsi və məsul işçilərinin iştirakı ilə Ümumdünya Əməyin Mühafizəsi Günü ərəfəsində işəgötürənləri, səhiyyə işçilərini, psixoloqları cəlb etməklə əmək kollektivlərində tematik tədbirlər, dəyirmi masalar, görüşlər keçiriləcək. İş yerlərində gənc işçilərin üzləşdiyi problemlər ətraflı öyrənilərək müzakirə olunacaq. Qeydə alınan problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək. Gənc işçilərin təhsilə cəlb edilməsi, iş yerlərində mövcud olan təhlükələr və risklər barədə məlumatlandırılması, bədbəxt hadisələrin profilaktikası, əmək qanunvericiliyi, şəxsi hüquqları barədə təbliğati işlər aparılacaq.

Gənc işçilərin əsas problemlərinin araşdırılması məqsədilə “Əməyin mühafizəsi: xüsusən həssas təbəqə - gənc işçilər” mövzusunda keçiriləcək seminarların iştirakçılarına  AHİK-in hazırladığı sorğu anketi paylanacaq.

Anket tərtib etməkdə əsas məqsəd, real vəziyyəti nəzərə almaqla, gənc işçilərin üzləşdiyi problemləri daha dərindən öyrənmək və işəgötürənlərlə birlikdə həllinə nail olmaqdır. Söhbətimin əvvəlində dediyim kimi, əməyin mühafizəsinə diqqət bir və ya bir neçə günlə bitmir. 28 Apreldən başlanan tədbirlərdə qoyulan məsələlər üzərində ilboyu iş gedir və gedəcək.

Bəyalı RZAYEV