Əməyin təhlükəsizliyi üçün mühüm addım


Baxıldı : 219

Tarix : 2018-01-26 19:58:28


İndustriALL və UNİ qlobal ittifaqları Banqladeşdə geyim fabriklərində əmək fəaliyyətinin təhlükəsizliyinin artırılması üçün 2,3 milyon dollarlıq (ABŞ) razılaşmaya nail olublar. Belə ki, adının gizli qalmasını istəyən məşhur geyim markası Banqladeşdə 150-dən çox geyim fabriki işçilərinin əmək şəraitinin təhlükəsizliyi üçün lazımi xərcləri ödəməyi qəbul edib. Aparılan danışıqlar zamanı hər iki həmkarlar ittifaqı təşkilatı geyim sektorunda baş verən bədbəxt hadisələrin izlərinin hələ də qaldığını, hökumətin təhlükəsizliyə yetərli diqqət ayırmadığını bildirib.

Danışıqların ilkin mərhələsi və işin gedişinin yoxlanılması prosesi 2016-cı ilin oktyabrında baş tutsa da, fabriklərin 50 faizində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərin yetərli olmaması qeyd edilmişdir. İkinci mərhələdə 2017-ci ilin oktyabrındakı yoxlamalarda tikiş fabriklərinin 90 faizinin standartlara cavab verdiyi,  100 faizlik nəticənin isə bu ilin may ayında əldə ediləcəyi vurğulanıb.

İndustriALL Qlobal İttifaqının baş katibi Valter Sançez məsələ ilə bağlı deyib ki, başlatdığımız kampaniyaya beynəlxalq  geyim markasının qatılması və bizə etimad göstərməsi təqdirəlayiq haldır. Bu davranış digərləri üçün də örnək olmalıdır.

UNİ Qlobal İttifaqının baş katibinin köməkçisi Kristi Hofman bildirdi ki, bağlanan müqavilə ilə 150-dən çox geyim fabrikinin işçiləri təhlükəsiz əmək şəraitində çalışacaq. Bu, istehsala və keyfiyyətin artmasına da təsir göstərəcək. Lakin layihədəki fabriklərin sayı 200-dən çoxdur və Ran Plaza hadisəsindən sonra bu sahəyə daha ciddi diqqət yetirilməlidir.