Əməyin təhlükəsizliyi və digər problemlər gündəmə gətirildi


Baxıldı : 24

Tarix : 2018-11-08 06:33:21


 Almaniyanın “HeidelbergCement” qlobal şirkətinin  15 ölkədəki müəssisələrindən 30 nümayəndə Frankfurt şəhərində  bir araya gəlib. İndustriALL Qlobal İttifaqının təşkilatçılığı, Fridrix Ebert Fondunun dəstəyi ilə keçirilən toplantıya şirkət nümayəndələri dəvət olunsa da, heç kim qatılmamışdır. Nümayəndələr işçi hüquqlarının pozulması, hökumət və ya yerli idarəetmə orqanları ilə əlaqələrin yetərsizliyi, əməyin təhlükəsizliyinə yetərli diqqət ayrılmaması və digər problemləri gündəmə gətiriblər. Bildirilib ki, 2017 ci ilin dekabrında ““HeidelbergCement Group”da insan hüquqlarının vəziyyəti” adı altında bir sıra addımlar atılsa da,  sənəddə bəzi çatışmazlıqlar mövcuddur. Sənəddə həyata keçiriləcək tədbirlər planında həmkarların təkliflərinin diqqətə alınmaması birmənalı etiraza səbəb olub. Çıxış edənlər bildiriblər ki, sağlamlıq və təhlükəsizliklə bağlı yoxlama və təlimlərdə  həmkarlar ittifaqı nümayəndələri iştirak etməlidir.

Çıxış edən İndustriALL-ın İnşaat Materialları Sektoru üzrə direktoru Mathias Hartviç şəbəkənin ikinci toplantısının keçirilməsini  yüksək qiymətləndirib. Müzakirələrin daha da dərinləşməsi, qarşıya çıxacaq hər hansı problem zamanı digər üzvlərin də vəziyyətdən xəbərdar olması üçün toplantının önəmini vurğulayıb. “HeidelbergCement” şirkətini  beynəlxalq həmkarlar  ittifaqı təşkilatları ilə dialoqa çağırıb.

 Qeyd edək ki, “HeidelbergCement” şirkəti dünyanın lider sement və inşaaat materialları istehsal edən şirkətlərindən biridir və 60-a yaxın ölkədə 60 min işçisi var.

Cavid SƏFƏROV