“Əməyin və işçilərin sağlamlığının mühafizəsi həmkarlar ittifaqının prioritet vəzifələrindən hesab olunur”


Baxıldı : 203

Tarix : 2018-01-05 23:34:45


 

"Əməyin mühafizəsi və texnikası qaydaları Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin də hər zaman  diqqət mərkəzində olmuşdur". Bunu Respublika Komitəsinin baş texniki əmək müfəttişi Böyükkişi Süleymanov dedi. Qeyd etdi ki, AHİK-n 4-cü qurultayında əməyin mühafizəsinə dair tələblər nəticəsində son beş ildə komitənin  tərtib etdiyi plana uyğun olaraq müəssisələrdə 481-dən artıq yoxlama aparılmış, nəticələri Respublika Komitəsi Rəyasət Heyətinin iclasının müzakirəsinə çıxarılmışdır. Sosial- əmək sahəsində aparılan islahatlar istehsalatda işçilərin əməyinin və sağlamlığının mühafizəsi problemlərinə ciddi təsir göstərmişdir.

Respublika Komitəsi ona tabe olan həmkarlar ittifaqları komitələri, respublikanın dövlət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və yerlərdə işəgötürənlərlə bağlanmış tarif sazişi və kollektiv müqavilələr əməyin mühafizəsi məsələlərinin (tədbirlərinin) həllində xüsusi yer tutur. Bu sənədlər vasitəsilə həmkarlar ittifaqı əməyin mühafizəsi problemlərinin maddi-texniki və maliyyə təminatı üzrə tədbirlər görülməsinə nail olmuşdur.

Komitə rəsmisi qeyd etdi ki, müəssisə və təşkilatlarda işəgötürənlərlə birlikdə Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə hər il Beynəlxalq Əmək Təşkilatı tərəfindən verilən devizlərlə əlaqədar müəssisələrdə seminarlar, dəyirmi masa və görüşlər keçirilmişdir.

Lakin aparılan yoxlamalar göstərir ki, müəssisələrdə işçilərin əməyinin mühafizəsi onların təhlükəsizliyinin təmin olunması və ümumi əmək şəraitinin yaxşılaşdırılması sahəsində işəgötürənlər və həmkarlar ittifaqı komitələrinin fəaliyyətində bir sıra nöqsanlar hələ də qalmaqdadır. Komitəmizin  qarşıya qoyduğu əsas vəzifələrdən biri də işçilərin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin qorunması sahəsində  bəzi çətinliklərin aradan qaldırılmasıdır. Müəssisələrin maliyyə imkanı olmadığına görə kollektiv müqavilələrdə əməyin mühafizəsi üzrə öhdəliklər istənilən səviyyədə əksini tapmır. Biz ümid edirik ki, AHİK-in  qarşıdan gələn V qurultayında bu vəsaitin mərkəzləşdirilmiş şəkildə dövlət büdcəsindən ayrılması barədə məsələ qaldırılacaq.

Əsli ƏHMƏDOVA