Əmimin həyat yoldaşı 4 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş anadır


Baxıldı : 117

Tarix : 2020-02-28 14:44:03


Əmimin həyat yoldaşı 4 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş anadır. Lakin sosial sığorta göstəriciləri yetərli olmadığından əmək pensiyası almaq hüququ yoxdur. Bilmək istəyirik ki, yeni qanunvericiliyə əsasən 4 uşağı olan həmin qadına yaşa görə sosial müavinət hansı yaşda təyin edilməlidir?

 

 Şahin SEYİDOV,

Quba rayonu.

-Əmək pensiyası almaq hüququ olmayanlar qanunla müəyyən edilmiş qaydada müavinətlə təmin olunur.

01.01.2020-ci ilə kimi 3 və daha çox uşağı doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar da əmək qabiliyyəti olmayan şəxslər sayılırdı. Ona görə də həmin qadınlar 57 yaşına çatanda sosial müavinət almaq hüququna malik idilər.

Lakin qeyd edilən tarixdən “Sosial müavinətlər haqqında” qanuna bəzi dəyişikliklər edildi. Əmək pensiyası və sosial müavinət hüququ olanların arasındakı yaş fərqinə son qoyuldu. Bu il üçün sosial müavinət almaq hüququ qadınlarda 61 yaş yarım müəyyən edilmişdir.

5 uşağı olan qadınlar hər uşağa görə, 1 il azaldılmaqla, bu il 56 yaşyarımda sosial müavinət hüququna malikdirlər.

3 uşağı olan qadınlara bu güzəşt şamil edilmir. Neçənci ildə doğulmağını və ya neçə yaşı olduğunu qeyd etmədiyiniz üçün həmin qadının neçə yaşda sosial müavinət almaq hüququ olduğunu deyə bilmirik. Yalnız onu qeyd edirik ki, sosial müavinət almaq üçün yaş həddi “Əmək pensiyaları haqqında” qanunda nəzərdə tutulduğu kimi hər il 6 ay artırılmaqla 65 yaşına çatdırılacaqdır.

 

Boşanma ilə birlikdə uşaq üçün aliment tutulması məsələsini də ərizədə göstərə bilərəmmi? Aliment üçün ayrıca müraciət etmək istəmirəm. Deyirlər ki, hətta əmlak bölgüsünü də həmin ərizədə göstərmək olar.

 

Aytəkin ƏLİYEVA,

Gəncə şəhəri.

- Ailə Məcəlləsinin tələblərinə görə, nikah məhkəmə qaydasında pozulan zaman ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qalmasını, uşaqların və ehtiyacı olan əmək qabiliyyəti olmayan ərin, yaxud arvadın saxlanması üçün vəsaitin miqdarını, ödənilmə qaydasını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Belə bir saziş olmadıqda, yaxud saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda isə, Məcəllənin 22-ci maddəsinə əsasən, məhkəmə:

-boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;

-uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

-ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;

-ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda isə, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.

 

Mülki işlə əlaqədar Ali Məhkəməyə müraciət etmək istəyirəm. Bilirəm ki, müəyyən məbləğ əsasında vəkillə müqavilə bağlamaq lazımdır. Amma buna imkanım yoxdur.

Öyrənmək istədiyim odur ki, mənə dövlət tərəfindən vəkil təyin oluna bilərmi? Dövlət rüsumu da ödənilməlidirmi?

 

Sevda ƏLİYEVA,

Bakı şəhəri.

 

- Nəzərinizə çatdırmaq istəyirik ki, Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən, kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kasasiya və əlavə kasasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Belə ki, vəkil tutmaq üçün maddi vəsaitiniz yoxdursa, yazılı müraciətiniz əsasında vəkillə təmin oluna bilərsiniz.

Həmçinin Mülki Prosessual Məcəllənin 108.1.4-cü hissəsinə əsasən, kasasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. Rüsumun məbləği “Dövlət rüsumu haqqında” qanunda öz əksini tapmışdır. Yəni Ali Məhkəməyə kasasiya şikayəti vermək üçün tərəfinizdən dövlət rüsumu da ödənilməlidir.