“Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək”


Baxıldı : 20

Tarix : 2018-08-31 18:52:51


Avqustun 25-də Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel Azərbaycan Respublikasına səfər edib. Prezident İlham Əliyev ilə görüşən xanım Angela Merkel arasında siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional və digər məsələlər barəsində geniş müzakirələr aparılıb.

 

Xatırladaq ki, A.Merkel 23-25 avqust tarixində Cənubi Qafqazın hər üç ölkəsinə səfər edib. Lakin bu səfər çərçivəsində xüsusi önəm Azərbaycana verilib. Bakıda keçirilən görüşdə də bu məqam nəzərə çatdırılıb. Əslində bu səfər Avropanın iqtisadi və siyasi lideri olan olkənin rəhbərinin Cənibi Qafqazin lideri olan dövlətə səfəri kimi dəyərlidir.

Millət vəkili Tahir Mirkişili qeyd edib ki, müzakirə olunan məsələlər çox tərəfli olub. Bilirsiniz ki, Avropa Birliyi ilə Azərbaycan arasında strateji əməkdaşlıq və müqavilələr hazırlanıb. Azərbaycanla Avropa Birliyi münasibətləri kifayət qədər maraqlı və konstruktiv istiqamətdə inkişaf edir. Merkelin də qeyd etdiyi kimi, Azərbaycanla Almaniyanın siyasi münasibətləri, ən maraqlı istiqamətlərdən biri olan iqtisadi əməkdaşlığın yeni müstəviyə qaldırılması, Azərbaycan qazının Avropa bazarına çıxarılması ilə bağlı məsələlər masada olub. Eyni zamanda SOCAR- la Almaniyanın bir şirkəti arasında Xəzər dənizində kəşfiyyat aparılması ilə bağlı yeni müqavilə imzalandı. Almaniya şirkətləri Azərbaycanın qeyri-neft sektorunda çalışan çoxsaylı şirkətlər arasındadır. Azərbaycanda aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı üçün alman tərəfinin daha da aktiv olması da müzakirə olunan məsələlərdən biri idi. Yəni münasibətlər və faydalılıq qarşılıqlıdır, ikitərəflidir. Azərbaycan üçün Almaniyanın texnologiyaları, innovasiyası nə qədər önəmlidirsə, Almaniya və Avropa üçün Azərbaycanın enerji resursları və regiondakı üstün mövqeyi bir o qədər zərurətdir. Xanım Merkelin xüsusilə bəyan etdi ki, Azərbaycanın Rusiya və İranla həmsərhəd olması ölkəmizin Avropa üçün əhəmiyyətini daha da artırır. Çünki Avropa Birliyinin Rusiya və İranla bağlı iqtisadi əlaqələrində Azərbaycanın yaratdığı iqtisadi infrastruktur böyük çəkiyə malikdir.

Millət vəkili Aydın Hüseynov deyib ki, Almaniya Avropada iqtisadi güc mərkəzidir: “Bu baxımdan Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin inkişafı hər iki ölkə üçün olduqca faydalıdır. Cənab prezident İlham Əliyevlə xanım Merkelin görüşündə də iqtisadi məsələlər vurğulandı. İş adamları ilə görüş, orada verilən açıqlamalar da çox önəmlidir. Hesab edirəm ki, bu səfər, həmçinin yeni investisiya imkanlarına yol açacaq.

Almaniya Azərbaycanın “Şahdəniz” yatağından Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafına maraq göstərir. Əlbəttə ki, Almaniya Avropaya enerji resursları tədarükünün marşrutlarını və mənbələrini şaxələndirməyə çalışır. Prezidentimizlə görüşdə bu məsələlər qeyd edildi. Müzakirələr göstərdi ki, Azərbaycanın enerji resurslarının nəqli sahəsində həyata keçirdiyi layihəyə maraq daha da artdı”.

Millət vəkili Elman Nəsirov bildirib ki, Almaniya Avropanın ən güclü dövlətidir və bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Onun sözlərinə görə, Azərbaycan alternativ enerji mənbəyi kimi çıxış edir və Cənub Qaz Dəhlizi bu prosesdə mühüm hadisədir. Almaniya isə bunun genişlənməsində maraqlıdır.

Heç şübhəsiz, hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsindədir. Siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, regional təhlükəsizlik və bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, humanitar əlaqələr ikitərəfli və çoxtərəfli, o cümlədən Avropa İttifaqı çərçivəsində münasibətlərin səviyyəsini müəyən edən mühüm məsələlərdir.

Dövlətlərimiz arasında ikitərəfli münasibətlərin müvafiq hüquqi bazasını formalaşdıran 70-ə yaxın sənəd imzalanmışdır. Azərbaycanın ticarət tərəfdaşları arasında Almaniya 5-ci yerdədir. Hazırda Azərbaycanda 200-dən artıq Almaniya şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 555 milyon dollardan artıq investisiya qoyulub.

Almaniya Federativ Respublikasının Federal Kansleri Angel Merkelin Azərbaycana səfəri bir daha bütün dünyaya nümayiş etdirdi ki, ölkəmizin enerji siyasəti ilk növbədə milli maraqların müdafiəsinə söykənir, 3-cü tərəfə qarşı yönəlməyib, tranzit və istehlakçı dövlətlərin maraqlarını nəzərə alır və elə bir şəraiti təmin edir ki, bütün tərəflər uduşlu vəziyyətdə olur. Ən başlıcası, enerji siyasətin əlində alət olmur. Enerji sahəsində ugurlarımızın kökündə dayanan əsas amil də məhz elə bununla bağlıdır.

Millət vəkili Azər Badamov söyləyib ki, Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyətli transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Cənub Qaz Dəhlizində aparılan möhtəşəm tikinti işləri, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərindən istifadə imkanlarımızın genişlənməsi ölkəmizin dünya üçün cəlb ediciliyini artırıb.

Onun sözlərinə görə, artıq Azərbaycanı Avropa ilə dəmir relslər və borular bağlayır ki, bu da ölkəmizin dünya ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə gətirib çıxarır: “Təkcə avqust ayında ölkəmizə Almaniya Kansleri xanım Angela Merkelin, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Binəli Yıldrımın, Gürcüstanın Baş Naziri cənab Mamuka Baxtadze və başqa ölkələrin rəsmilərin intensiv səfərləri onu deməyə imkan verir ki, Azərbaycan dünya üçün vacib aktora çevrilib”.

 

Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edən A. Badamov vurğulayıb ki, bu, ölkəmizin dünyada dostlarının sayını artırır: “Ölkəmizə səfərə gələn hər bir dövlət rəhbəri Azərbaycanın iqtisadi inkişafında əldə etdiyi yüksək uğurlardan və ölkəmizlə strateji əməkdaşlıq etmək imkanlarından geniş danışır. Bütün bunlar isə  Prezident İlham Əliyevin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasətin nəticəsidir”.