Əmlak və malların sığortalanmamasının günahkarı kimdir?


Baxıldı : 1501

Tarix : 2019-04-05 18:31:44


“Diqlas” Ticarət Mərkəzində baş vermiş dəhşətli yanğın yenidən sığorta məsələsini gündəmə gətirdi. Mətbuatda sığortaya marağın az olmasının səbəbləri araşdırıldı. Müxtəlif münasibətlər səsləndirildi. Əsas səbəblərdən biri kimi sığorta şirkətlərinin süründürməçiliyi, el dili ilə desək, müştərini özündən incik salması göstərilirdi. “Kasko.az”ın təsisçisi Nizami Mənsimov müxbirimizə bildirdi ki, son vaxtlar Maliyyə Bazarlarına Nəzarət Palatasının həyata keçirdiyi tədbirlər nəticəsində belə neqativ hallar, demək olar ki, aradan qaldırılıb. Aparılan maarifləndirmə sayəsində əhalinin məlumatı artıb. Bu da sığorta şirkətləri arasında müştəri uğrunda rəqabətə rəvac verib:

“Hazırda sığorta bazarı kifayət qədər normaldır. Əgər müştəri sığortalanıbsa, onun istənilən riski qarşılanır və yüksək səviyyədə də xidmət göstərilir. Əks təqdirdə,  əsassız yerə müştərini incitmə halları olarsa, sığorta şirkətlərinə böyük məbləğdə cərimələr tətbiq olunur və inzibati təsirlər göstərilir”.

Sığorta sahəsi üzrə mütəxəssis Xəyal Məmmədxanlı bildirdi ki, “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həm fiziki, həm də hüquqi şəxslərə məxsus olan daşınmaz əmlakların sığortası Azərbaycanda icbaridir. Yəni onu sığortalamamağa görə cərimə var: “Amma gəlin görək faktiki praktikada vəziyyət necədir? Fiziki şəxslərə məxsus evlərin və mənzillərin sığortasında vəziyyət ürəkaçan deyil. Nəyə görə? Çünki bu sığortaların olunmasına heç kim nəzarət eləmir, əksəriyyəti sığortasızdır, baxmayaraq ki, sığorta məcburidir. Cərimələyən, nəzarət edən olmadığına görə vətəndaşlar bu prosesdən yayınırlar və qanun icra oluna bilmir. Amma hüquqi şəxslərə münasibətdə vəziyyət fərqlidir. Yəni ticarət obyektlərinə Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarət edilir. Onlar həm yanğın təhlükəsizliyi qaydalarını, həm də sığortanın olub-olmamasını yoxlayırlar. Ona görə də, demək olar ki, obeyktlərin əksəriyyətinin sığortası var. Amma hansı qaydada var? Yəni tam dəyərinəmi sığortalanıb, ya formal kağız yazılıb? Apardığımız araşdırmalar onu göstərir ki, obyektlərin böyük əksəriyyəti öz real qiymətinin çox aşağı dəyərində sığortalanır. Məsələn, hər hansı ticarət mərkəzinin real bazar dəyəri 5 milyon manatdırsa, o öz qiymətinə deyil, tutaq ki, 500 min manata sığortalanıb. Bunun da səbəbi az sığorta haqqı ödənilməsidir”.

X.Məmmədxanlı qeyd etdi ki, daşınmaz əmlakın içərisində olan dükanların, mağazaların və yaxud da şəxslərə məxsus olan əmlakların, malların sığortası tamamilə könüllüdür və icbari sığorta onları əhatə etmir: “Yəni o ticarət mərkəzi yansa belə, onun içərisindəki əmlaka sığortanın heç bir aidiyyəti yoxdur. O sığorta ancaq divarları, konstruksiyaları, binanın avadanlıqlarını, damını, qapısını, pəncərəsini, liftini və bir sözlə, binanın özünə aid olan konstruksiyalarını əhatə edir. Həmin malları isə dükan sahibi bağladığı rəsmi icarə müqaviləsi əsasında sığortalaya bilər. Amma burada başqa bir problem var. Problem ondan ibarətdir ki, dükan sahiblərinin heç biri həmin satdıqları malların real, rəsmi qeydiyyatını aparmır. Bunun üçün sığorta şirkəti mağazadakı malların sıyahısını, onların maya dəyərini, ölkəyə giriş qiymətlərini və sair tələb etməlidir. Bu sənədlərin isə heç biri yoxdur. Bütün bunların nəticəsində də həmin dükanların sahibləri sığortasız qalırlar.

Digər bir problem ticarət mərkəzlərinin yanğın təhlükəsizlik standartlarının bərbad vəziyyətdə olmasıdır. Yanğın riskinin yüksək olduğunu nəzərə alan sığorta şirkətləri dükan sahibinə çox yüksək qiymət təklif edir. Bu qiymət də sahibkara sərf eləmir. Sabah yanğın olsa, məlum hadisə kimi, onun qarşısını almaq mümkün olmayacaq. Bu da sığorta şirkətlərini qorxudur, çəkindirir, ona görə də onlar bu işlərdə sığortalara getmirlər”.

Ticarət mərkəzindəki yanğına toxunan mütəxəssis bildirdi ki, faktiki, hüquqi baxımdan həmin mallara görə heç bir kompensasiya düşmür. Yalnız dövlət yardım edərsə, zərərçəkənlər kompensasiya ala bilərlər. Yəni dövlət bunu etməyə məcbur deyil. Amma əgər istintaq nəticəsində müəyyən olunsa ki, həmin o yanğının səbəbi bina sahibinin səhlənkarlığı səbəbindən olub, misal üçün, naqillər düzgün çəkilməyib, haradasa tikintidə qüsurlara yol verilib və sair, belə olan halda həmin ticarət mərkəzinin sahibinin oradakı dükan sahibləri qarşısında məsuliyyəti yaranır. O zaman onlar məhkəməyə müraciət edərək haqlarını tələb edə bilərlər.

Aliyə SƏMƏDOVA