Əmlakımızı bədbəxt hadisələrdən qorumağa nə mane olur?


Baxıldı : 132

Tarix : 2017-01-18 22:30:01


Təbiətdə baş verən kataklizmlər insanlara olmazın əzab-əziyyət verir. Zəlzələlər, daşqınlar, yanğınlar, torpaq sürüşmələri nəticəsində evlər dağılır, su altında qalır və yanıb külə dönür.

Əksər ölkələrdə bu cür hallar sığorta şirkətlərinin vasitəsilə aradan qaldırılır.

Bəs bu baxımdan Azərbaycanda vəziyyət necədir? Dövlət Sığorta Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Növrəstə Nəsirova bildirdi ki, 6 il bundan əvvəl "İcbari sığorta haqqında" qanun qəbul olunub. Bu qanunda daşınan əmlakla yanaşı, daşınmaz əmlakın, həmçinin işçilərin bədbəxt hadisələrdən icbari və könüllü sığortası nəzərdə tutulub. İndi ölkəmizdə 1 dövlət, 26 özəl sığorta şirkəti fəaliyyət göstərir. Dövlət şirkəti kimi biz reyestr çıxarışı almayan, qəzalı vəziyyətdə olan evlərə sığorta şəhadətnaməsi vermirik. İllik sığorta haqları da bir o qədər çox deyil. Bakı şəhərində illik 50 manat miqdarında 25000 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manata müvafiq olaraq 20000 manat, digər yaşayış məntəqələrində 30 manata 15000 dəyərində sığortalanmaq olar. Bildiyiniz kimi, yeni tikilən binaların əsas hissəsinin çıxarışı yoxdur. Buna baxmayaraq özəl sığorta şirkətləri müqaviləli evlərə şəhadətnamə verirlər və buna görə də məsuliyyət daşıyırlar. Ümumiyyətlə, nizamnamə kapitalı 5 milyon, təkrar sığortada isə 10 milyon olmayan şirkətlər bu hüququ əldə edə bilməzlər. N.Nəsirova onu da təəssüflə dedi ki, heç də vətəndaşlarımızın hamısı sığorta sisteminin bu imkanlarından həvəslə istifadə etmirlər. Səbəbi də odur ki, maarifləndirmə işi zəif aparılır. Üstəlik müəyyən şirkətlərin işindəki nöqsanlar da bu xeyirxah işə maneçilik törədir.

Hüquq eksperti Xəyal Məmmədxanlı bildirdi ki, əvvəllər sığorta bazarında insanlarda öz hərəkətləri ilə narazılıq yaradan şirkətlər olub. Zaman keçdikcə onlar sıradan çıxıb. Bəlkə də, inamsızlıq elə ondan qalıb. Lakin bir məsələni də qeyd edim ki, icbari sığortanın həyata keçirilməsinə nəzarət edən bir qurum yoxdur. Yalnız daşınmaz əmlakın notariusda alqı-satqısı zamanı bu mümkün olur. Məsələn, Naxçıvanda bir dənə sığorta olunmayan əmlak yoxdur. Deməli, işin təşkili lazımdır. Burda sosial vəziyyət də əhəmiyyət kəsb edir. Sığorta olunmamağın cəriməsi 10 manatdır. Yəqin fikirləşirlər ki, 50 manatdansa elə az miqdarda cərimə ödəyərəm. Bir də ki, bildiyiniz kimi respublikada 600 mindən çox heç bir sənədi olmayan tikili var. Bu da bir problem. Ötən il sığorta şirkətlərində 550 milyon vəsait toplanıb ki, onun da 50 faizindən çoxu vətəndaşlara ödənilib. Bu elə də pis rəqəm deyil. Sığorta şirkətləri özləri ev-ev gəzmirlər, çünki avtomobil sığortası onları xilas edir. Mənzil-kommunal təsərrüfatı birliklərinin də vəziyyəti məlumdur. Biz hökumətə belə bir təklif vermişik ki, bu işi bələdiyyələrə həvalə etmək lazımdır. Mənə belə gəlir ki, bu ən optimal variantdır.

Əhəd İBADOV