Ən azı övladlarına deməlidirlər ki…


Baxıldı : 164

Tarix : 2017-03-04 05:32:35


Fevralın 24-də Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin üzv müəssisəsi "Fərəh" MMC-də 26 fevral- xalqımızın qanlı faciəsi - Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Hİ Abşeron Rayon Komitəsinin sədri Feyzullah Hacıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışdı.

Respublika Komitəsinin mütəxəssisi İlahə Həmidova çıxış edərək dövlətimizin Xocalı soyqırımının dünyada tanınması istiqamətində gördüyü işlər barədə məlumat verdi. Dedi ki, təkcə dövlətimiz deyil, hər bir sıravi vətəndaş da Xocalı faciəsinin unudulmamasına səy göstərməlidir. Ən azı bu faciə barədə öz övladlarını məlumatlandırmalıdır ki, onlar bədnam qonşularımızın xislətinə bələd olsunlar.

"Fərəh" MMC-nin direktoru Cavid Bağırov, baş mühasibi İqbal Alışanov, həmkarlar ittifaqı təşkilatının sədri, mexanik Zaur Əliyev Xocalıda dinc, əliyalın əhaliyə qarşı törədilən faciəni pisləmiş, soyqırımı qurbanlarına Allahdan rəhmət diləmişlər.

B. RZAYEV