Ən böyük mükafatları şən xatirələr olacaq


Baxıldı : 58

Tarix : 2017-09-08 18:26:05


Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti təkcə üzvlərinin əmək və sosial problemlərinin həlli ilə bitmir. Təşkilat həmçinin üzvlərinin övladlarının təhsilinin, vətənpərvərlik ruhunda tərbiyəsinin və istirahətinin də qayğısına qalmağı öz borcu bilir. Məktəbyaşlı uşaqların yay tətilini səmərəli keçirməsindən ötrü həmkarlar ittifaqları hər il rəngarəng tədbirlər planı hazırlayıb icra edir. Bu tədbirlərdən biri də uşaqların istirahət mərkəzlərində, düşərgələrdə, sanatoriyalarda istirahətinin təşkilidir.

Məlumat üçün deyək ki, ötən mövsümdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və sahə həmkarlar ittifaqları 20 min nəfərdən artıq uşağın istirahətini, sağlamlıq ocaqlarında müalicəsini təşkil edib. Bunlardan 2 min nəfəri həmkarlar ittifaqlarının sanatoriyalarında müalicə alıb, istirahət mərkəzlərində dincəlib.

18 min nəfəri isə həmkarlar ittifaqlarının müqavilə bağladığı istirahət mərkəzlərində valideynləri ilə birlikdə yayın ləzzətini çıxarıb.

Bu mövsümdə istirahətə göndərilən uşaqların sayı nisbətən çox olub. Onu da qeyd edək ki, üzv işçilərin istirahətə göndərilən övladlarının təxminən 35 faizinə, yəni 700 nəfərinə yollayışlar pulsuz verilib. Bunlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil işçilərin övladlarıdır. 1300 uşağa isə dəyərinin 15 faizini ödəməklə yollayış verilib. Bu, təxminən 50 manata yaxın məbləğ deməkdir.

Təbii ki, düşərgələrdə, ailəvi istirahət mərkəzlərində idman yarışları, əyləncəli oyunlar, viktorinalar, səyahət turları, bilik müsabiqələri təşkil olunub, ad günləri qeyd edilib. Müsabiqələrdə, yarışlarda qalib gəlmiş uşaqlar evə mükafatlarla, hədiyyələrlə qayıtmışlar. Ən böyük mükafatları isə sinif yoldaşlarına danışacaqları şən xatirələr olacaq.

 Bəyalı RZAYEV