Ən böyük diqqət gənclərədir


Baxıldı : 61

Tarix : 2019-04-05 18:37:41


Gənclərin sosial-iqtisadi problemlərinin həllinə kömək göstərilməsi, onların həmkarlar ittifaqları strukturlarının fəaliyyətinə, keçirdiyi tədbirlərə, aksiyalara cəlb edilməsi və həmkarlar ittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusi fikir veririk. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva bildirdi ki, komitədə birləşən ilk təşkilatlarda 365 nəfər gənc ittifaq üzvümüz var. İlk təşkilat sədri seçilərkən əsasən gənclərə üstünlük verilmiş, 14 nəfər fəal təşkilat sədri seçilmişdir. Komitə üzvlərindən 7 nəfəri gənclərdir. İşəgötürənlərlə bağladığımız kollektiv müqavilələrdə gənclərin sosial-iqtisadi və əmək mənafelərinin qorunması, asudə vaxtlarının səmərəli təşkili ən vacib amildir. Hər ilin əvvəlində tərtib olunmuş iş planı Gənclərlə İş üzrə Komissiyanın iclasında müzakirə edilərək təsdiq edilir. Komissiya əsas diqqətini gənclərin peşə və siyasi biliklərinin artırılmasına, hərbi-vətənpərvərlik tərbiyəsinə, ictimai həyatındakı mövqeyinə, onların əməyə münasibətlərinin yüksəldilməsinə, istirahət vaxtlarının maraqlı və mənalı keçirilməsinə, sağlam həyat sürmələrinə yönəlmiş və bu sahədə çox ciddi işlər görülmüşdür.

Ülviyyə xanım qeyd etdi ki, bağlanan kollektiv müqavilələrdə qeyd etdiyimiz bütün məsələlər öz əksini tapıb. İşəgötürənlə həmkarlar ittifaqları arasında bağlanan kollektiv müqavilənin hər bir işçi üçün əhəmiyyəti əvəzedilməzdir. Təşkilatımızın qarşısında duran ən mühüm vəzifələrdən biri müqavilə şərtlərinə nəzarəti gücləndirmək, işləyən insanların səmərəli fəaliyyəti üçün yaxşı əmək şəraitinin yaradılmasıdır.

Etiraf edək ki, işçilərə əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin yaradılması üçün işəgötürənlə həmkarlar ittifaqı arasında bağlanan müqavilədə nəzərdə tutulan öhdəliklərə tam nəzarət olunur. Belə ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatından seçilmiş millət vəkilləri Naqif Həmzəliyev və Pərvin Kərimzadə ilə görüşlərdə onlar gənclərin ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətdən, çox ciddi məqamlardan söhbət açdılar.

Tədbirdə fəal gənclərdən 9 nəfəri şəhər komitəsinin Fəxri Diplomu və qiymətli hədiyyə ilə mükafatlandırıldılar. Gənclərin təşkil etdiyi intellektual oyunlar, viktorinalar alqışlarla qarşılandı. Fəal gənclərlə şəhərin “Züqo” İstirahət Mərkəzində bayram şənliyi keçirildi. Tədbirdə fəal gənclər mükafatlandırıldı. Bayram şənliyinə dəvət olunmuş Gəncə Şəhər Musiqi Kollecinin gəncləri rəngarəng konsert proqramları ilə çıxış etdilər.

Əhəd İBADOV