Ən mühüm şərt: sağlam iş şəraiti, ekoloji təmizlik


Baxıldı : 32

Tarix : 2019-06-07 08:08:48


Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü münasibətilə “Əməyin Mühafizəsi və Əmək sferasının gələcəyi” mövzusunda konfrans keçirilib. Respublika Komitəsinin sədri Telman Quliyev konfransı açaraq deyib ki, bugünkü tədbirin çox böyük əhəmiyyəti var.

Təmiz iş şəraiti, hava, ekoloji cəhətdən çirklənmənin qarşısının alınması iş yerlərində əməyin mühafizəsinin qorunmasında ən mühüm şərtlərdəndir. Qeyd edim ki, bizim sahədə də zərərli iş yerləri az deyil desək yanılmarıq. Həyatını itirən, yaralanan da olub. Sahələrimiz var ki, kimyəvi maddələrdən istifadə olunur. Məsələ təkcə bu cür zərərli iş yerləri ilə bitmir.

T.Quliyev bir məsələni də qeyd etdi ki, flora və faunamız artıq ciddi qorunur. Bu sahədə çalışan işçilərimizin əməyinin mühafizəsi də mühüm məsələlərdəndir. Çünki heç birimiz əlisilahlı ovçularla qarşılaşmaq istəməzdik. Çalışırıq ki, işçilər üçün yerlərdə normal fəaliyyət göstərmələrinə şərait yaradılsın. İlk təşkilatlarımızın hər bir üzvü üzərinə düşən məsuliyyəti dərindən dərk edir. Təbii sərvətlərimizi qorumağı öz vətəndaşlıq borcu hesab edir.

Sonra AHİK-in Əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradov bu günün tarixi və əhəmiyyəti barədə qısa məlumat verib. Deyib ki, elm və texnikanın sürətli inkişafı tərəqqi ilə bərabər fəsadlar da verir. BƏT-in statistikasına görə, dünyada istehsalat qəzalarından hər gün 5000 insan həyatını itirir. Bu da ildə 2 milyondan çox insan həyatı deməkdir. Təbii ki, biz həmkarlar ittifaqı təşkilatı olaraq belə vəziyyətə biganə qala bilmərik.

Respublika Komitəsinin texniki əmək müfəttişi Vaqif Məmmədov, Bakı Ekologiya və Təbii Sərvətlər Departamentinin HİK sədri Tofiq Həsənov, Elmi-Tədqiqat Meşəçilik İnstitutunun HİK sədri Cəmilə Məhərrəmova və başqalarının da çıxışları, təklifləri dinlənildi.

Sonda fərqlənmiş həmkarlar ittifaqları fəallarına Respublika Komitəsinin Fəxri fərmanları təqdim olunub.

Əhəd İBADOV