Ən mühüm vəzifə sıraların saxlanmasıdır


Baxıldı : 73

Tarix : 2019-01-07 05:15:28


“Hər bir həmkarlar ittifaqı təşkilatının ən mühüm vəzifəsi sıralarının saxlanması, yeni üzvlərin cəlb edilməsi, motivasiyanın gücləndirilməsidir. Nümayəndəsi olduğum Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayına hesabat məruzəsində bununla əlaqədar təşkilatlar qarşısında ciddi məsələlər qaldırılıb”. Bu sözləri həmsöhbətim “Xidmət-İş” Hİ Federasiyası Suraxanı Rayon Komitəsinin sədri Siyasət Quliyev dedi.

Bildirdi ki, ötən illərdə qurumun təşkilati cəhətdən möhkəmləndirilməsinə xüsusi fikir verilmişdir. Biz işçilərin könüllülük prinsipinə əsaslanmaqla işəgötürənlərlə əməkdaşlıq etmişik. Həmişə çalışırıq ki, kollektiv müqavilələrdə üzvlərimizin hər cür hüquqlarını maksimum şəkildə təsbit edək.

Kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsinə müvafiq komissiyalarımız tərəfindən nəzarət edilir. Üzvlərimizin sıralarının möhkəmlənməsi üçün ilk təşkilatların nüfuzunun artması çox mühüm amildir. Ona görə də bu qurumlara hər cür köməklik göstərməyə çalışırıq. 9 komissiyanın hər biri öz sahəsinə aid işləri xüsusi diqqətdə saxlayır. Komitəyə müraciət edənlərin problemləri, sahələr üzrə olsa da, hamısı diqqətlə araşdırılır, hər birinə müəyyən köməklik göstərilir. Bizə müraciət edənlərin əsas hissəsi sosial-iqtisadi hüquqlarının qorunmasında onlara yardımçı olmağa xahiş edənlərdir. Konfederasiya rəhbərliyinin gərgin əməyi və səyinin nəticəsində həmkarlar ittifaqının xeyrinə qəbul edilmiş qərarlar və sərəncamların nə qədər böyük əhəmiyyət kəsb etdiyini hər birimiz bu zaman görürük.

Siyasət müəllim motivasiyadan danışarkən fəaliyyətlərində maarifləndirməyə üstünlük verdiklərini qeyd etdi: “Tez-tez seminar, dəyirmi masalar keçiririk. Bu tədbirlərə işçilərlə yanaşı, işəgötürənləri də dəvət edirik. Həmkarlar ittifaqının hər iki tərəf üçün gətirəcəyi fayda barədə ətraflı məlumat veririk. Bütün bunlardan sonra müəyyən qədər işçisi olan təşkilatları sıralarımıza cəlb edə bilirik.

Rayon Komitəsinin təşəbbüsü ilə respublikamızın bir sıra rayonlarında, o cümlədən İmişlidə bu sahədə maarifləndirici seminar keçirilmişdir.

Əhəd İBADOV