“Ən yaxşı film” nominasiyasında həmyerlimiz qalib seçildi


Baxıldı : 45

Tarix : 2017-12-22 23:25:48


Dekabrın 20-də Türkiyənin Ankara şəhərindəki "Hilton Garden İnn Otel"də "Əmək" mövzusunda VI beynəlxalq qısa filmlər yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi olub. Türkiyənin Turizm və Mədəniyyət Nazirliyi, "Hak-İş" Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə baş tutan bu mərasimdə öncə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu və istiqlal marşı oxundu.

Turizm və Mədəniyyət naziri Numan Kurtulmuş giriş nitqi söylədi. Dedi ki, bu gün 11 kateqoriya üzrə qalibləri mükafatlandıracağıq. Yarışmaya 124 ölkədən 5 min 404 film təqdim olunmuşdu. Münsiflər onların ən yaxşılarını seçib qalib elan etdilər.

Nazir bildirdi ki, bu yarışmanın özəlliyi ondadır ki, təqdim olunan filmlərdə insanların sənətə və əməyə sayğısı öz əksini tapmışdır.

Konfederasiyanın sədri Mahmut Arslan çıxış edərək dedi ki, dünyaya örnək olan şəhərlərimizi, körpüləri, digər maddi abidələrimizi inşa edən adamların əməyinin ədəbiyyatda, filmlərdə əbədiləşdirilməsinə nail olmaq məqsədi daşıyan bu yarışmanın ildən-ilə vüsət alması bizi sevindirir.

Tədbirdə digər çıxışlar da dinlənildi. Çıxışlardan sonra mükafatlar təqdim olundu.

Beynəlxalq nominasiya üzrə Azərbaycandan Amil Mamıyev "Black Ribbon" filminə görə "Ən yaxşı film" mükafatına layiq görüldü. Həmyerlimizə mükafatı Turizm və Mədəniyyət naziri Numan Kurtulmuş və "Hak-İş" HİK-in sədri Mahmut Arslan təqdim etdilər. Ona gələcək işlərində uğurlar arzuladılar.

Mərasimdə Türkiyənin hökumət, yaradıcılıq və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdirinin müavini Fuad Məmmədov da iştirak edirdilər.

Bəyalı RZAYEV