“Ən yaxşı təqdimat” müsabiqəsi başa çatdı


Baxıldı : 287

Tarix : 2018-04-14 01:03:22


Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatmışdır. Müsabiqənin əsas məqsədi ümummilli liderin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.

Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlistliyi, ardıcıllığı və ifadəliliyi, söz ehtiyatının zənginliyi, ulu öndərin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyənləşdirilmiş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılıb.

Qeyd edək ki, müsabiqə rayon, şəhər və ölkə mərhələlərindən ibarət olub.

Müsabiqənin ilk mərhələsi mart ayında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçirilib.

Ölkə mərhələsinə 106 şagird vəsiqə qazanıb. Təhsil nazirinin müavini Firudin Qurbanov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin həmsədr olduqları 8 nəfərdən ibarət münsiflər heyəti hər gün (istirahət günləri istisna olmaqla) 10 iştirakçının təqdimatını dinləyib 10 ballıq sistem üzrə qiymətləndirib. Müsabiqədə qalib gəlmiş şagirdlərin mükafatlandırılması mərasimi mayın 4-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Qaliblərə diplom, tərifnamə və qiymətli tədiyyələr təqdim olunacaq.

Mirzə müəllimdən müsabiqənin gedişi barədə məlumat verməyi xahiş etdim. O, ilk növbədə bu tədbirin təşkilatçılarının əməyini yüksək qiymətləndirdi. “Şagirdlərin bilik və bacarıqlarını sərbəst şəkildə nümayiş etdirmələrindən ötrü hər cür şərait yaradılmışdı”, - dedi. M.Cəfərzadə şagirdlərin hazırlığından da razılıqla danışdı: “Təcrübə göstərir ki, müsabiqə təşkilatçıları istədiklərinə nail olurlar. Yəni iştirakçıların nitq qabiliyyəti ildən-ilə daha da cilalanır, söz ehtiyatları zənginləşir. Görünür dil-ədəbiyyat müəllimləri uşaqların bu sahədə təkmilləşməsinə məsuliyyətlə yanaşırlar”.