“Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu


Baxıldı : 138

Tarix : 2018-05-05 05:02:04


Mayın 4-də  Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə orta məktəblərin IX-XI sinif şagirdləri arasında təşkil edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Dövlət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, ali məktəb rektorlarının, təhsil işçilərinin, şagirdlərin iştirak etdikləri tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini söyləyib.

Təhsil sahəsində səmərəli proqram və layihələr həyata keçirildiyini qeyd edən C.Bayramov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq reallaşdırılan tədbirlərdən danışıb.

Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini xatırladan C.Bayramov təhsildə qazanılan uğurları, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Deyib ki, bu müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən, 8 nəfər birinci, 14 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diploma, 25 nəfər isə tərifnaməyə layiq görülüb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, ulu öndərin zəngin irsinin dərindən öyrənilməsi olduqca önəmlidir.

“Bu gün Azərbaycan təhsilinin qarşısında geniş vəzifələr durur”, - deyən Baş nazirin müavini bildirib ki, təhsil Azərbaycanın inkişafının ən fundamental əsaslarından biri kimi dəyərləndirilir. O əlavə edib ki, hər bir ölkə öz inkişafında təhsilə borcludur.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da mərasimdə çıxış edib. O, deyib: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşan konkret layihələrlə, əməli işlərlə Fond bütün xalqımızın hörmət və etibarını qazanmağa nail olub. Biz eyni zamanda öz humanitar fəaliyyətimizlə beynəlxalq ictimaiyyətin rəğbətini qazanan ölkənin ən böyük qeyri-hökumət təşkilatı kimi Azərbaycanı dünyada layiqincə təmsil edirik. Bütün bu çoxşaxəli fəaliyyətin təməlində ulu öndər Heydər Əliyevin ideyaları və bu ideyalara xidmət amalı dayanır. Bugünkü müsabiqə onu göstərir ki, Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərini, onun müəllifi olduğu dövlət quruculuğu konsepsiyasını dərindən öyrənməyə böyük maraq göstərir. Bu da Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu göstərir”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Nazir bildirib ki, müasir müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev tarixin çətin vaxtlarında hakimiyyətə gələrək xalqımız qarşısında böyük xidmətlər göstərib, ölkəmizi parçalanmaqdan xilas edib. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi vaxtda Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində mühüm addımlar atıb. Bütün sahələrə diqqətini əsirgəməyən ümummilli lider hər zaman təhsil sahəsinə xüsusi həssaslıqla yanaşıb. Bu gün də Azərbaycan təhsili Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

“Hamıya məlumdur ki, gənclərin inkişafı, intellektual səviyyəli kadrların yetişdirilməsi, istedadlı şagird və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi Azərbaycanda hər zaman diqqət mərkəzində olmuş və bu istiqamətdə ciddi addımlar atılmışdır. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmişdir”. Bu sözlərlə çıxışına başlayan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyev sonra demişdir:

“Ümummilli lider təhsilin inkişafının prioritet sahə olduğunu nəzərə alaraq deyirdi: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Heydər Əliyev hələ SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər gördü.

Təsadüfi deyil ki, 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda  yeni-yeni təhsil müəssisələri açılır və ali təhsil alanların sayı hər il artırdı. Eyni zamanda qəbul imtahanlarından sonra hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilirdi.

Ümummilli liderin təhsillə bağlı siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilir.

Cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin tərkib hissəsi olaraq son illərdə təhsil sahəsinə qayğı göstərilməsi baxımından ciddi addımlar atılmış, geniş islahatlar həyata keçirilmiş, bu sahəyə diqqət və qayğı artırılmışdır”.

Respublika Komitəsinin sədri demişdir, istedad qayğı tələb edir. Hesab edirəm ki, istedadlı şagirdlərimizə göstərilən qayğı hər bir fərdin bacarıq və biliklərinin aşkara çıxarılmasına xidmət etməlidir. İstedadın müəyyən edilib üzə çıxarılmasına və onlarla sistemli işin aparılmasına təkan verən məktəbdir. Məktəb hər bir şagirdin inkişafının, gələcəyinin müəyyənləşdirilməsi üçün zəruri bir məkandır. Təhsil ocağı hər bir şagirdin potensialının üzə çıxarılması yolunda çox işlər görür. Bu baxımdan gənc istedadların üzə çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ilə bağlı təhsil ictimaiyyəti olaraq bizlim də üzərimizə böyük vəzifələr düşür.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi də şagirdlərin istedadlarının üzə çıxarılması və onların stimullaşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

Digər bir tərəfdən hesab edirəm ki, belə bir müsabiqənin təşkili ulu öndərin irsinin şagirdlər arasında təbliği baxımından da  çox əhəmiyyətlidir.

Bu gün Azərbaycanın təhsil müəssisələrində tədris olunan dərsliklərdə Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin müstəqilliyinin qorunması, müasir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı onun gördüyü işlər barədə dolğun məlumatlar vardır. Bu müsabiqədə iştirak edən şagirdlərimiz təqdimatlarının uğurlu olması üçün əlavə axtarışlar aparmış, daha çox məlumatlar əldə etmişlər.

Bu baxımdan müsabiqə vasitəsilə şagirdlərimiz ulu öndərin Azərbaycan dövlətçiliyindəki xidmətlərini, onun xalqımıza bəxş etdiyi gözəl anları xatırlayır, həyat və fəaliyyətini yaxından öyrənir,  həm də öz istedadlarını ortaya qoymuş olurlar.

Artıq bir neçə ildir ki, təşkil edilən bu müsabiqənin respublika turunda bu il 106 şagird öz istedadlarını nümayiş etdirmişdir. Bu müsabiqə gözəl bir ənənəyə çevrilib və bundan sonra da davam etdirilməlidir.

Mən müsabiqəyə qatılmış və adını qaliblər sırasına yazmış hər bir şagirdi ürəkdən təbrik edir, gələcək təhsillərində və şəxsi həyatlarında onlara uğurlar arzulayıram.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

“Dayanıqlı sosial-iqtisadi

inkişaf naminə layiqli əmək”

 

Mayın 1-2-də “Hyatt Regency” hotelində “Dayanıqlı sosial-iqtisadi inkişaf naminə layiqli əmək” mövzusunda konfrans keçirilmişdir. Konfransa moderatorluq edən AHİK sədrinin I müavini İlyas Əliyev gündəliyə çıxarılan məsələnin səbəbləri və məqsədləri barədə məlumat vermişdir. Demişdir ki, dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Azərbaycan BMT üzvü olan dövlətlərin 17 dayanıqlı  inkişaf məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur.

 

Əvvəli 1-ci səhifədə

“2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazılanaraq təsdiq edilib və uğurla olunub. Bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycan regionlarının hərtərəfli tərəqqisinə yol açır.

Təsadüfi deyil ki, Minilliyin İnkişaf Proqramı çərçivəsində iqtisadi inkişaf baxımından ən möhtəşəm nailiyyətlər əldə edən respublikamız son 10-15 il ərzində öz iqtisadiyyatını 3,5 dəfədən çox artırmışdır. Təxminən 10 il ərzində Azərbaycanda 1,6 milyon yeni iş yeri açılıb, ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə qədər azaldılıb.

BMT-nin “Dayanıqlı inkişafın məqsədləri” proqramı və onunla bağlı olan innovasiyalar, yeni texnologiyalar siyasət predmeti deyil, lakin onların kimə təsir edəcəyini, hansı nəticələrə gətirib çıxaracağını insanlar, siyasi partiyalar, icra və idarəetmə orqanları öz proqramlarında həll edəcəklər. Biz, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası kimi, öz vəzifəmizi texniki inqilabın nailiyyətlərindən istifadə olunması üzrə siyasi, dövlət qərarlarının insanların rifahının yaxşılaşmasına yönəldilməsində görürük. Baş verəcək dəyişikliklər əmək münasibətlərinin forma və xarakterinə yenidən baxılmasına gətirib çıxara bilər. Həmkarlar ittifaqı vaxtında bu məsələyə hazır olmalıdır.

Müzakirə olunan bu mövzu ilə əlaqədar BƏT-lə bizim əməkdaşlığımız nəticəsində son bir ildə və bu ilin əvvəlindən respublikamızda 400-dən çox həmkarlar ittifaqı fəalının iştirakı ilə 8 seminar və konfrans keçirilmişdir. Ümumilikdə isə 2013-cü ildən BƏT-in dəstəyi, AHİK və üzv təşkilatlarının iştirakı ilə 1500 dinləyicini əhatə edən 28 tədbir keçirilmişdir.

Bu il isə 5 regionda keçirilən və 300-ə yaxın iştirakçını əhatə edən seminarların məqsədi də mövzunun daha geniş müzakirəsini təmin etmək idi.

Beynəlxalq Əmək Təşkilatı ilə birgə “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” sosial tərəfdaşlarımızın iştirakı ilə işlənib hazırlanmış və 2016-cı ilin sentyabrında qəbul edilmişdir. Bu proqramın və ölkədə layiqli əməyin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu, vəzifələri, iştirakı və həyata keçirəcəkləri tədbirləri müəyyənləşdirmək məqsədilə AHİK-in İcraiyyə Komitəsi “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası”nı qəbul etmişdir. Konsepsiyada həmkarlar ittifaqlarının həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər 8 istiqamət üzrə müəyyənləşdirilmişdir.

AHİK və onun üzv təşkilatları layiqli iş yerlərinin yaradılması əsasında iqtisadiyyatın modernləşdirilməsinin konkret istiqamətlərinin işlənib hazırlanmasına, əməkhaqqı sahəsində işçilərlə işəgötürənlərin münasibətlərini tənzimləyən əmək qanunvericiliyi, bağlanan kollektiv müqavilələr və sazişlərin qeyd-şərtsiz yerinə yetirilməsinə, yerli işçilərin xarici kapitallı müəssisələrdə prioritet sayılan iş yeri ilə təmin olunmasına nəzarətin artırılmasına nail olmaq üçün bütün imkanlardan istifadə etməyə səy göstərir.

Biz, mülkiyyət münasibətlərindən asılı olmayaraq, respublika ərazisində dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayan  işçilərin sosial-iqtisadi hüquqlarının yüksək səviyyədə qorunması üçün bütün imkanlardan istifadə edirik.

İ.Əliyev demişdir, ölkədə dayanıqlı sosial-iqtisadi inkişafa dəstək vermək üçün sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyənləşdirmək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq məqsədilə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya hazırda müvəffəqiyyətlə fəaliyyət göstərir, burada da həlli vacib məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilmişdir.

Beynəlxalq Əmək Təşkilatının üzv dövlətlərdə təşkil etdiyi “Yüzilliyin dialoqu” çərçivəsində Azərbaycan Respublikasında keçirilən “Milli dialoq” üçün bir sıra prioritetlər müəyyən edilmişdir. Layiqli iş yerlərinin yaradılması, sahibkarlıq, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi inkişafın ətraf mühitə mənfi təsir göstərməsinin qarşısının alınması, məcburi əməyin ləğv edilməsi, insan alverinin, uşaq əməyinin ən pis formalarının aradan qaldırılması bu prioritetlər sırasındadır. Stabil iş yeri olmayan işçilərin, o cümlədən miqrantların, xüsusilə qadın-miqrantların, eləcə də bütün işləyənlərin təhlükəsiz iş yerləri ilə təmin edilməsi, onların əmək hüquqlarının qorunması, iş yerlərinin yaradılmasına vəsilə olan daimi turizmin inkişaf etdirilməsi, əhalinin maliyyə xidmətlərindən istifadə etmək imkanının genişləndirilməsi də qarşımızda duran mühüm vəzifələrdəndir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq həmkarlar ittifaqları birlikləri, ayrı-ayrı ölkələrin müvafiq qurumları, BƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurmuşdur.

Biz bu gün də belə əməkdaşlıqda maraqlıyıq. Hesab edirəm ki, BƏT-in dəstəyi ilə respublikamızda həyata keçirilən və həmkarlar ittifaqı üzvlərinin maarifləndirilməsi məqsədini daşıyan layihələr (seminarlar, konfranslar, dəyirmi masalar, görüşlər və s.) davam etdirilməlidir.

İlyas müəllim sonra bildirmişdir, dünyada baş verən qlobal dəyişikliklər həmkarlar ittifaqlarının qarşısında mərhələli dayanıqlı inkişaf planları qoyur. Cəmiyyətimizin yeni məqsəd və vəzifələri isə kompleks xarakter daşıyır ki, bu da dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji komponentlərinin tarazlığını təmin etməlidir. Buna görə də müasir dövrün bu aktual məsələsi həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.

BƏT-in Azərbaycan üzrə mili əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək təmsilçisi olduğu qurumla Azərbaycan həmkarlar ittifaqının qarşılıqlı əlaqələrindən danışdı.

Bildirdi ki, bu əməkdaşlıq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinin, xüsusilə məşğulluq strategiyasının həyata keçirilməsi məqsədi daşıyan 8-ci hədəfin reallaşdırılmasında da faydalı nəticələrlə yekunlaşacaq.

Natiq onu da qeyd etdi ki, BƏT-in baş direktoru Ray Qayder martın 21-də Bakıya gələrək burada məşğulluq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya Şöbəsinin müdir müavini Rəna Abdullayeva Azərbaycanda BƏT-in konvensiyalarının ratifikasiyası məsələsinə toxundu. Dedi ki, artıq 58 konvensiya Milli Məclis tərəfindən qəbul edilib. Gələcəkdə daha bir neçə konvensiyanın qəbulu gözlənilir. Sosialyönümlü qanunlarımızda da bu sənədlərdən irəli gələn müddəalar öz əksini tapıb.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Hüquq və Əmək Münasibətləri Şöbəsinin müdiri Xaqan Hümmətzadə dayanıqlı inkişafın təməl prinsiplərinə aydınlıq gətirdi. Bildirdi ki, dayanıqlı inkişafın əsasında balanslaşdırılmış iqtisadi siyasət durur. İqtisadiyyatın hərtərəfli inkişafı layiqli əməyin təminatına gətirib çıxarır. Ölkəmiz bu baxımdan böyük nailiyyətlərə imza atmışdır.

Konfrans işini sessiyalarda davam etdirdi. “Azərbaycan kontekstində Layiqli Əmək, Əməyin Gələcəyi BƏT-in Prinsiplərinin Kollektiv Məsuliyyəti”, “Qeyri-formal iqtisadiyyat ilə mübarizə, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid”, “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-uğurlu tətbiq üçün işçi təşkilatlarının rolu”, “DİM-in tətbiqində Layiqli Əməyin İnkişafı üçün AHİK-in strategiyası, gələcəyə doğru yol - gələcək addımlar üçün prioritetlər” mövzularında AHİK-in və sahə Hİ respublika komitələrinin mütəxəssislərinin məruzələri dinlənildi.

Tədbirdə AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov iştirak edirdilər.