Ən yüksək nəticə göstərmiş baramaçılar mükafatlandırıldı


Baxıldı : 480

Tarix : 2020-09-04 14:41:32


Qax Damazlıq və İpəkçilik Stansiyasında “İlin ən yaxşı kümçüsü” adı uğrunda keçirilən müsabiqəyə yekun vuruldu. Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçısı olduğu bu müsabiqənin əsas məqsədi baramaçılığın inkişafında ipəkqurdunun aqro-zootexniki qaydalara uyğun bəslənmə prosesini həyata keçirən kümçülərin aşkara çıxarılmasından, onların təcrübələrinin təbliğindən, istifadə etdikləri texnologiyaların digər təsərrüfatlarda da yayılmasını təşviq etməkdən ibarət idi.

Tədbiri giriş sözü ilə açan stansiyanın direktoru Əkrəm Fətəliyev Qax Damazlıq və İpəkçilik Stansiyasının fəaliyyəti və bu müəssisənin baramaçılığın inkişafında əhəmiyyətindən danışdı. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bu sahədə görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verdi. İ.Cümşüdov bildirdi ki, bu il Çin Xalq Respublikasından 1 milyon ədəd tut tingi gətirilərək təsərrüfatçılara təmənnasız olaraq paylanmışdır. Qeyd olundu ki, bu il 446 ton yaş barama istehsal olunaraq “Azər İpək” MMC- yə təhvil verilmişdir. İ.Cümşüdov bildirdi ki, gələn il məhsuldarlığın daha da yüksək olması üçün artıq sentyabr ayından hazırlıq işləri başlayacaq, kümçülər üçün təlimatlar hazırlanacaq, təlimlər keçiriləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov tədbirdə çıxış edərək bildirdi ki, təşkilatımız işçilərin sosial-iqtisadi mənafelərinin qorunması, kollektivlərdə yüksək işgüzarlıq mühitinin yaradılması və işçilər arasında ruh yüksəkliyinin təmin olunması istiqamətində silsilə layihələr həyata keçirir. O qeyd etdi ki, işçilərin fəaliyyətinin səmərəliliyini artırmaq üçün stimullaşdırma ilə bağlı işlər bundan sonra da davam etdiriləcəkdir.

Sonda qaliblərə - Amil Abbasova (Füzuli rayonu), Mehti Həsənova (Ağcabədi rayonu), Abdul Orucova (Zərdab rayonu), Aqil Səlimova (Bərdə rayonu) Fəxri diplomlar və pul mükafatları təqdim olundu.