Ən yüksək nəticə göstəriblər


Baxıldı : 152

Tarix : 2018-03-02 21:37:23


Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Yeniyetmələrin yarışında klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2001-2002-ci il təvəllüdlü, gənclərin yarışında isə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparıblar. 2003-cü il təvəllüdlü idmançılar isə həkim arayışı və valideynin razılığı ilə çempionatda iştirak ediblər.

Yarışda “Zenit” İdman Cəmiyyətinin pəhləvanları öz ustalıqlarını bir daha nümayiş etdirərək müxtəlif əyarlı medallar qazanıblar.

Yeniyetmə yunan-Roma güləşçilərinin mübarizəsində “Zenit” İdman Cəmiyyətinin Sumqayıt Şəhər Şurasının yetirmələri Ülvi Məmmədov (110 kq.) ikinci yeri, Təhmasib Arzumanov (58 kq.) isə üçüncü yeri tutublar. Onlar yarışa məşqçi-müəllim Əbülfət Məmmədovun rəhbərliyi altında hazırlaşıblar. 

Çempionatın son günündə 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq. çəki dərəcələrində sərbəst güləş üzrə 163 gənc pəhləvan mübarizə aparıb. Gənc sərbəst güləşçilərin yarışında Aslan Ağayevin yetirməsi Əliabbas Rzazadə (57 kq.) ölkə çempionu adını qazanıb.

Sübhan Muradov (61 kq.) ikinci, Rəcəb Nurayev (65 kq.), Füzuli Hüseynov (70 kq.) və Cəmiyyətin Gəncə Şəhər Şurasının yetirməsi Murad Məmmədov (70 kq.) isə üçüncü yeri tutublar. Məşqçilər Cavid Qurbanzadə və Samir Məmmədovun apardıqları məşq prosesi gənclərin uğur qazanmasına bilavasitə təsir göstərir.

Gənc yunan-Roma güləşçilərinin qarşılaşmasında 87 kq. çəki dərəcəsində Xaliq Əlizadə bütün rəqiblərinə qalib gələrək birinci olub. O, məşqçi-müəllim Araz Süleymanovun yetirməsidir.

Niyaz Arzumanov (67 kq.) və Fuad Şahverənov (130 kq.) isə ikinci sırada qərarlaşıblar. Əbülfət Məmmədov gənc pəhləvanların nəticəsindən razı qaldığını bildirib.

Qeyd edək ki, yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında “Zenit” İdman Cəmiyyəti komanda hesabında birinci olub.

Azər MUSTAFAYEV