Enerjinin kəsilməsi qanun pozuntusudur


Baxıldı : 229

Tarix : 2018-04-07 00:43:07


Aprelin 2-də Ukraynanın “Gorsakaya” kömür mədənində elektrik enerjisinin kəsilməsi 240 şaxtaçının bir kilometr dərinlikdə köməksiz vəziyyətdə qalmasına səbəb olub. Elektrik kəsintisinə səbəb enerji şirkətinə mədənlərin ödəniş etməməsidir. Hadisə zamanı  generatorlar işə salınaraq problem 80 dəqiqə sonra aradan qaldırılıb. Mədəndəkilər heç bir xəsarət almadan evakuasiya edilib.  Hadisə 2-3 apreldə daha 16  kömür mədənində təkrarlanıb.  Verilən məlumata görə, borclar ödənilməzsə, elektrik kəsintisi aprelin 11-i də təkrarlana bilər.

İndustriALL Qlobal İttifaqına bağlı olan yerli həmkarlar ittifaqı təşkilatları Ukrayna Enerji və Kömür  Sənayesi nazirliyinə problemin həlli üçün müraciət ünvanlayıb.

Ukrayna Kömür Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Viktor Turmanov məsələ ilə bağlı deyib ki,  kömür mədənləri elekrtik enerjisinə olan borcunu ödəyə bilmir. Lakin buna görə enerjinin kəsilməsi düzgün qərar deyil. Bu çalışanların həyatını risqə atır.

Ukrayna Müstəqil Mədənçilər Birliyinin sədri Mixaylo Volyents bildirib ki, mədənlər iş şəraitinə görə riskli əmək sektorudur. Buna görə də elektrik enerjisinin müəssisənin borcu səbəb göstərilərək kəsilməsi qanun pozuntusudur.

İndustriALL-ın Baş katibin köməkçisi Kamal Özkan məsələ ilə bağlı müəssisənin borcuna görə çalışanların həyatının riskə atılmasının doğru olmadığını, tərəflər arasında fikir mübadiləsi aparılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, eyni problem ötən il də bir neçə mədəndə qeydə alınmış, “Selidovuhillya” mədənində 220 mədənçi ölüm təhlükəsi ilə üz-üzə qalmışdı. Onlar yer səthinə çıxmaq üçün 4,5 kilometr məsafəni piyada qət etməyə məcbur olublar.