Erməni vandalizmi lənətlənir


Baxıldı : 106

Tarix : 2017-07-07 22:50:27


İyunun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində iki dinc sakin - ikiyaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyeva qətlə yetriliblər. Bu faciə ölkəmizdə böyük etirazlara səbəb olub. Dövlət başçısı İlham Əliyev dünya ictimaiyyətini günahsız insanların qətlə yetirilməsinə göz yummamağa çağırıb. Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva ağır günlərində mərhumların doğmalarına mənəvi dayaq oldu.

Türkiyə, Belarus prezidentləri bu qətlə görə narahatlıqlarını ifadə etdilər. Dünya ölkələrinin ictimaiyyətinin nümayəndələri də erməni vandallarını lənətləməkdədirlər. AHİK və onun üzv təşkilatları da erməni qatillərinə lənət yağdıranlar sırasındadırlar.

***

Davamlı şəkildə insanlığa qarşı hərbi cinayətlər törədən, beynəlxalq qurumların sülh çağırışlarına əhəmiyyət verməyən Ermənistanın siyasi rəhbərliyinə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi tədbirlər görülməməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin yerinə yetirilməməsi bir daha göstərir ki, Ermənistan nəinki regionda, eləcə də dünyada sülh üçün ciddi təhlükədir. Sonuncu hadisə Ermənistanın beynəlxalq hüquqa və humanizmə meydan oxuyan siyasi hakimiyyətinin terrorçu mahiyyətinin daha bir göstəricisidir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və ikili standartlar nümayiş etdirməsi Ermənistan tərəfinin bu cür təxribatlarının davamlı hal almasına gətirib çıxaran əsas səbəb kimi qiymətləndirilir. Biz dünya ictimaiyyətini, beynəlxalq qurumları Ermənistanın regionda sülhə təhdid olan davamlı hərəkətlərinə qarşı insani mövqe nümayiş etdirməyə, bu cür insidentləri törədən Ermənistanın cinayətkar siyasi rəhbərliyini sərt şəkildə qınamağa çağırırıq.

 

Cəmilə SƏTTAROVA,

Mədəniyyət İşçiləri HİRK-in sədri, AHİK-in Gender

Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri

***

Alxanlı hadisəsi göstərdi ki, erməniləri torpaqdan daha çox, Azərbaycan xalqının varlığı narahat edir. Bunu tarix boyu ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti də sübut edir. Təkcə təxminən son 30 ildə bədnam qonşularımızın öz ərazilərimizdə törətdikləri kütləvi qırğınlar vəhşiliyi baxımından heç bir ölçüyə gəlmir. Onlar qadınlarımızı, ahıllarımızı, körpə uşaqlarımızı "uf" demədən öldürürlər. Meyitlərimizi belə tanınmaz hala salırlar. Ermənilərin hərəkəti hətta müharibə qanunlarına da sığmır.

Müharibədə ordu ordu ilə vuruşar. Ermənistan ordusunun isə silahlı qüvvələrimizlə döyüşə girməyə nə gücü, nə də qeyrəti var.

Aprel döyüşləri kimin nə hünərə sahib olduğunu əyani şəkildə ortaya qoydu.

Həmin döyüşlərdə təkcə Ermənistan ordusunun gücsüzlüyü yox, erməni toplumunun gendən gəlmə qorxaqlığı da himayədarlarına məlum oldu. Neçə-neçə kəndin sakinləri top-tüfəng səsini eşidib elliklə tələsik qaçıb aradan çıxdılar.

Füzuli camaatını isə, o cümlədən alxanlıları nəinki top-tüfəng səsi, heç ölümlə də qorxutmaq mümkün deyil. İkiyaşlı Zəhranın, onun nənəsi Sahibə Quliyevanın qətli rayonumuzun sakinlərinin intiqam hissini daha da artırdı, doğma torpağa daha da möhkəm bağladı. İnanırıq ki Ali Baş Komandanımızın rəhbərliyi altında silahlı qüvvələrimiz bu qanı yerdə qoymayacaq.

 

Əli SADIQOV,

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

Füzuli Rayon Komitəsinin sədri

***

İyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində azyaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi qəti şəkildə pislənilməlidir. İnsanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatili olduğunu bir daha sübuta yetirir. Ermənistanın işğalçı hərbi birləşmələri tərəfindən təmas xəttinə yaxın ərazilərin atəşə tutulması, dinc əhalinin qətlə yetirilməsi Ermənistanın dövlət siyasətinə çevrilib. Bu vəhşilik bir daha göstərir ki, erməni təcavüzünün qarşısının alınmaması, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin biganəliyi erməni terroristlərinin əl-qolunu açır və mahiyyət etibarilə dinc insanların vəhşicəsinə qətlə yetirilməsinə rəvac verir.

 

Elmira QULİYEVA,

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı

Sumqayıt Şəhər Şurasının sədri