Ermənilər vəhşi xislətlərini Xocalıda dünya ictimaiyyətinə nümayiş etdirdilər Azərbaycan xalqı bu cinayəti bədnam qonşularına bağışlamayacaq


Baxıldı : 155

Tarix : 2020-02-28 15:07:34


Fevralın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə AHİK-in sədri Səttar Möhbalıyev çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımı Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış faciələrdən biridir. Həmin gecə Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər.

Dinc, silahsız əhaliyə qarşı amansız kütləvi qırğın törətdilər. Qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirildi. Bunlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. 150 nəfər itkin düşdü, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qaldı. Vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edildi.

Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

Ozamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.

S.Möhbalıyev qeyd edib ki, bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan  Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.

İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti xalqımıza qarşı törədilən cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.

Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi.

Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu, xüsusilə Fondun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur.

Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də ABŞ-ın 21 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib.

AHİK sədri bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün aspektləri, yəni tarixi, siyasi, hüquqi və münaqişənin həlli prosesi prinsipial, qəti və əsaslandırılmış bir formada Münxen Təhlükəsizlik Konfransı iştirakçılarının və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Dünya mediasının diqqətlə izlədiyi panel Prezident İlham Əliyevin Ermənistan baş nazirinə tarix və siyasət dərsi keçməsi ilə yadda qaldı.  Paşinyan tarixi faktları təhrif etməsi, çox zəif ingiliscəsi, həmçinin diletant siyasi “təhlili”, arqumentsizliyi ilə növbəti dəfə çıxılmaz duruma düşdü.

Dövlətimizin başçısı tərəfindən münaqişənin həllinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mümkün olması bir daha qeyd edilib. Bildirilib ki, Ermənistanın sözdə sülh tərəfdarı və sülh iddiasında olması absurddur. Ermənistanın yürütdüyü siyasət riyakarlığın nümunəsidir. Azərbaycan Prezidenti bir neçə dəfə N.Paşinyanın yalanlarını ifşa edib, səhvlərini tutub. İ.Əliyevin qətiyyətli mövqeyi və duruşu qarşısında Ermənistanın baş naziri çox gülünc vəziyyətə düşüb. Prezidentimizin çox tutarlı cavabları Paşinyanı susdurub. Təsadüfi deyildir ki, beynəlxalq siyasi şərhçilər bu panel müzakirəsinin Ermənistanın tarixində qara gün olduğunu bildirdilər.

Prezident İlham Əliyev Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının mövqeyinə bir daha aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, bu münaqişə mərhələli şəkildə həll edilməlidir: “Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”.

Prezident İlham Əliyevin Münxendəki qələbəsini Azərbaycanda, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs alqışladı, dəstəklədi. Qarabağ məsələsində Azərbaycanda fərqli yanaşma mövcud deyil. Bu baxımdan dövlət başçımız Münxendə yalnız Paşinyan üzərində  qələbə qazanmadı, eyni zamanda dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı İlham Əliyevi və onun siyasətini dəstəkləyir, ölkədə Qarabağla bağlı Prezidentin prinsipial mövqeyinə, siyasi mənsubiyyətindən asılı olmayaraq, birmənalı dəstək və həmrəylik var. Daxili çəkişmələrdən əzab çəkən Ermənistan üçün bu amil də böyük önəm kəsb edir. Yekdillik nümayiş etdirən Azərbaycana qarşı parçalanmış Ermənistanın duruş gətirməsi imkansızdır.

Sonda AHİK sədri deyib ki, Xocalı soyqırımı XX əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biri olaraq Azərbaycan əhalisi və insanlıq əleyhinə törədilmiş ən qanlı cinayət kimi yaddaşlara həkk olunmuşdur. Hər il xalqımız və dünya azərbaycanlıları, o cümlədən ədaləti uca tutan insanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.

Tədbirdə çıxış edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin sədri Yaşar Salahov Xocalı faciəsinin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb. Qeyd etdi ki, həmin gün yaşanan hadisələr, dinc əhalinin qətlə yetirilməsi, uşaqlara, qadınlara, yaşlı insanlara qarşı edilən dəhşətli işgəncələr ermənilərin əsl xislətini, onların əsil niyyətini ortaya çıxardı. Əminik ki, tez bir zamanda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqları düşməndən azad ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.

Faciənin canlı şahidi, Xocalı şəhər 2 nömrəli tam orta məktəbin müəlliməsi Sevda Məmmədova, 28 il keçməsinə baxmayaraq, o dəhşətli gecənin yaddaşlardan heç zaman silinməyəcəyini deyib. Bildirib ki, elə bir xocalılı tapmaq olmaz ki, bu faciəni yaşamasın.  Xocalı sakinləri heç vaxt ağıllarına belə gətirə bilməzdilər ki, ancaq yaxşılıq etdikləri “qonşu”ları bunca vəhşiləşsin, insan qanına susayan hərbçilərin iştirakı ilə qocaya, uşağa, qadına belə rəhm etməsin,  hətta insanları öldürdükdən sonra, meyitlər üzərində ağlasığmaz hərəkətlər etsinlər. Təsəvvürümüzə gətirməzdik ki, belə bir hadisə baş verər. Xocalı faciəsi insanlıq əleyhinə ən böyük cinayətlərdən biridir.

Çıxış edənlər Xocalı soyqırımı günahkarlarının tezliklə cəzalanacaqlarına inamlarını ifadə edərək, torpaqlarımızın yaxın zamanda işğaldan azad ediləcəyindən əmin olduqlarını bildiriblər.

Azər MUSTAFAYEV