Əsas diqqət  gənclərin peşə və siyasi biliklərinin artırılmasına yönəlib


Baxıldı : 44

Tarix : 2018-11-23 21:19:34


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayına hesabat məruzəsində qeyd edilir ki, kollektiv müqavilələrdə gənclərin əmək şəraitinin yaxşılaşdırılması, mədəni-kütləvi və sağlamlıq işlərinin aparılması məsələlərinə geniş yer yerilir və iş daha da gücləndiriləcək.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsi 10 ilk təşkilatında 740 nəfəri birləşdirir. Onlardan 450 nəfəri, yəni 60,8 faizini gənclər təşkil edir.

Hər ilin əvvəlində tərtib edilmiş iş planı Gənclərlə İş üzrə Komissiyanın iclasında müzakirə edilərək təsdiq olunur. Üç nəfərdən ibarət olan komissiya əsas diqqətini gənclərin peşə və siyasi biliklərinin artırılmasına, hərbi-vətənpərvərlik tərbiyəsinə, ictimai həyatındakı mövqelərinə, onların əməyə münasibətlərinin yüksəldilməsinə, istirahət vaxtlarının maraqlı və mənalı keçirilməsinə, sağlam həyat sürmələrinə yönəltmiş və bu sahədə bir sıra işlər görülmüşdür. MİHİ rayon Komitəsinin sədri Qərib Umudov bildirdi ki, bağlanan kollektiv müqavilələrdə bu məsələlər tamamilə öz əksini tapıb. O bu sahədə görülən işlərdən danışdı. Dedi ki,  üzvlərimizin çalışdığı 13 muzeyin, kitabxanaların, mədəniyyət evlərinin təxminən 50 faizi təmir olunmuş, istilik sistemləri qaydaya salınmış, multimedia informasiya sistemləri, kompüterlər quraşdırılmışdır. Bütün bunlar  gənclərimizin daha məhsuldar işləməsinə imkanlar yaratmışdır.

Hər il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar komissiyanın bilavasitə təşkilatçılığı və iştirakı ilə gənclərimiz Turizm, İnformasiya Mərkəzində toplantı keçirir, Şəhidlər xiyabanına ziyarət təşkil edilir.

Komitə sədri təşkilatın gənc üzvlərinin mənəvi, vətənpərvərlik tərbiyəsi, sağlamlığının qorunması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində görülən işlərdən də söz açdı. Qeyd etdi ki, gənclərimiz rayonumuzun  tarix-diyarşınaslıq, döyüş şöhrəti muzeylərinə, Heydər Əliyev Mərkəzinə ekskursiyalara aparılmışdır. Xudat qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə gənclərdən ibarət bədii özfəaliyyət kollektivlərinin dəfələrlə çıxışları olmuşdur. Gənc üzvlərimizin istirahət və asudə vaxtları da səmərəli keçir.

Əhəd İBADOV