Əsas məqsəd işəgötürən - işçi münasibətlərinin rəsmiləşdirilməsidir


Baxıldı : 29

Tarix : 2018-11-08 07:13:17


Noyabrın 2-də “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının  növbəti seminarı Qəbələ şəhərində keçirildi. Tədbirdə “Sağlam həyat”, “XXI əsr” firmalarının, “Eleqant” Ticarət Mərkəzinin nümayəndələri, həmkarlar ittifaqı üzvü olmayan fermerlər iştirak ediblər. “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” mövzusunda təşkil olunan seminarı Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov açıb. Bildirib ki, 2016-cı ilin sentyabrında qəbul edilmiş bu Proqram Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlarımız tərəfindən hazırlanıb. Bundan dərhal sonra AHİK-in İcraiyyə Komitəsi “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası”nı təsdiq edib. Konsepsiyada qarşıya qoyulan əsas məqsəd işəgötürən - işçi münasibətlərinin rəsmiləşdirilməsi, əmək münasibətləri iştirakçılarının əmək hüquqlarının və təminatlarının müdafiəsinin təmin edilməsidir. Yəni layiqli iş şəraiti və layiqli əməkhaqqı, bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsidir. Federasiya da öz fəaliyyətini Konsepsiyanın bu tələblərinə uyğun qurmağa çalışır və əksər hallarda buna nail olur.

Federasiyanın təşkilat şöbəsinin müdir əvəzi Roza Eyubova çıxışında qeyd etdi ki, layiqli əməklə bağlı məsələlərin icrasını struktur təşkilatlarımız ancaq həmkarlar ittifaqı mövcud olan müəssisələrdə və idarələrdə yoxlaya bilər. Bu gün bura ittifaqımızın üzvü olmayan işçilər də toplaşıb. Təəssüf ki, onların əməyinin layiqincə qiymətləndirildiyini müəyyənləşdirmək və kömək göstərmək səlahiyyətimiz yoxdur. Güman edirəm ki, seminarımız həmin işçilərdən ötrü motivasiya olacaq. Elə görüşümüzün bir məqsədi də budur.

Roza xanım təəssüflə qeyd etdi ki, biznes adamlarının heç də hamısı əməkdaşlığa cəhd göstərmir. Əksinə, var qüvvələri ilə öz müəssisələrində həmkarlar ittifaqı təşkilatının yaradılmasına mane olurlar. Onlarla mübarizə aparmaq lazım gəlir, ancaq mübarizəni işçilərlə birgə aparmaq olar, tək yox. Bəzən tanımadığımız hər hansı bir təşkilatdan işçi zəng edib pozulmuş hüquqlarına dair suallara cavab istəyir, amma adını deməkdən, işlədiyi müəssisəni tanıtmaqdan çəkinir. Hər kəs, əgər hüquqlarının qorunmasını istəyirsə, mübarizə aparmalıdır. Əvəzinə özündən başqa heç kim bunu etməyəcək.

Federasiyanın Qəbələ Rayon Komitəsinin sədri Ramin İsmayılov, “Sağlam həyat” firmasının direktoru Babək Xitilov, Qəbələ Uşaqlara və Ailələrə Dəstək Təşkilatının məsul işçisi Günel Ağayeva, Qəbələ Ağsaqqallar Şurasının sədri Nazim Mustafayev çıxış edərək bildirdilər ki, işçilərin maddi tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin olunması dövlətimizin sosial-iqtisadi siyasətinin prioritetlərindəndir. Həmçinin təklif etdilər ki, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi, həmkarlar ittifaqı hərəkatının fəaliyyəti haqqında geniş formatda maarifləndirici treninq və seminarlar keçirilsin.