Əsas məqsədimiz yeni təşkilatların yaradılması, üzvlərimizin sayının artırılmasıdır


Baxıldı : 68

Tarix : 2017-09-30 00:01:24


Sentyabrın 25-də "İnşaat-İş" Həmkarlar İttifaqının ( Hİ) VI qurultayı keçirilib. İttifaqın sədri Umud Hüseynov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, ötən qurultayda qəbul edilmiş qərarlarda əsas məqsədimiz yeni təşkilatların yaradılması, üzvlərimizin sayının artırılması olub. Buna uyğun olaraq iş planı tərtib edilib və müəyyən tədbirlər həyata keçirilib.

U.Hüseynov diqqətə çatdırıb ki, dünyada baş verən qlobal böhran ölkəmizdə tikinti sahəsinə də öz təsirini göstərib. Belə ki, tikinti sektorunda iş zəifləyib, bəzi təşkilatlarda isə tamamilə dayanıb. Bütün bunlar isə "İnşaat-İş" Hİ-nin də fəaliyyətinə təsirsiz ötüşməyib. Son 5 ildə sahə həmkarlar ittifaqının xidmətində olan 48 təşkilat ləğv edilib ki, onların da sıralarında 5130 nəfər üzv birləşirdi.  Yeni yaradılan və fəaliyyəti bərpa edilən müəssisələrin sayı isə 30, 2114 nəfər üzv olub. Hazıda üzv təşkilatlarımızın sayı 81, üzvlərimizin sayı 4923 nəfərdir.

2016-cı ildə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin sosial mənzillərin tikintisinə başlaması ilə tikinti və tikinti materialları istehsalı sahəsində yeni canlanma müşahidə olunur. Hazırda bu tikinti təşkilatlarında həmkarlar ittifaqı komitələrinin yaradılması üçün çalışırıq.

Hesabat dövründə sahə həmkarlar ittifaqının əsas səyləri Baş Kollektiv Sazişin müddəalarının yerinə yetirilməsinə, sahə tarif sazişinin və kollektiv müqavilələrin bağlanması və yerinə yetirilməsinə yönəlib.

Sədr deyib ki, ittifaqımız xarici əlaqələrin genişləndirilməsinə də xüsusi diqqət ayırır.  Sahə həmkarlar ittifaqı Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Belarus, Moldova, Tacikistan, Qırğızıstan, Türkiyə inşaatçıları həmkarlar ittifaqları ilə əməkdaşlıq edir. Onların bəziləri ilə əmək miqrantlarının hüquqlarının təmin olunması üzərində ictimai nəzarəti həyata keçirmək barədə müqavilələr bağlanmışdır. Bu gün Azərbaycanda 4975 nəfər əmək miqrantı inşaat sahəsində çalışır. Çox təəssüflə qeyd olunmalıdır ki, xarici əmək miqrantları ilə bir sahədə çalışan və eyni işləri görən yerli işçilərin əməkhaqları onlardan qat-qat azdır.

Hesabat dövrü ərzində üzv müəssisə və təşkilatlarda əməyin mühafizəsi və təhlükəsizlik texnikası norma və qaydalarına əməl olunması, işçilərin xüsusi geyim və mühafizə vasitələri ilə təmin olunmaları vəziyyəti yoxlanılmış, aşkar olunan pozuntular aradan qaldırılmışdı.

Məruzədə ittifaqın fəaliyyətinin digər istiqamətləri haqqında da ətraflı məlumat verilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək qurultayda səslənən məsələlərə münasibət bildirib. Deyib ki, AHİK  beynəlxalq həmkarlar ittifaqları tərəfindən güclü səlahiyyətə malik olan bir təşkilat kimi tanınır. Bu qiymət isə gördüyümüz işlər  və qazandığımız uğurlara görə verilib. Bizim bir sıra sahələrdə uğurlu nəticələrimiz var.

Son illərdə həmkarlar ittifaqlarının təklifləri ilə Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Həmkarlar ittifaqları haqqında" və digər qanunlara 100-dən çox əlavə və dəyişikliklər edilib. Bütün bu dəyişikliklər işçilərin hüquqlarının qorunmasına xidmət edir.

Bizim təşəbbüsümüzlə edilən dəyişikliklərdən biri həmkarlar ittifaqı təşkilatının icazəsi olmadan işçinin işdən çıxarılmaması ilə bağlıdır. Həmkarlar ittifaqının üzvü olan işçinin işdən azad edilməsi zamanı həmkarlar ittifaqı təşkilatına yazılı müraciət olunmalı və işəgötürənlərə də yazılı cavab verilməlidir. Bu dəyişiklik gələcəkdə üzvlərimizin say artımına təsir göstərən amillərdən biridir.

Qanuna edilən əlavələrdən biri də üzvlük haqqı ilə bağlıdır. Bu qanunun qəbulundan sonra müəssisənin, idarənin, təşkilatın mülkiyyət formasından asılı olmayaraq işəgötürən öz mühasibatlığı vasitəsilə üzvlük haqlarının  tutulmasını təmin edir və 4 iş günü ərzində həmkarlar ittifaqı təşkilatının hesabına köçürür. Əks təqdirdə üzvlük haqlarının həmkarlar ittifaqı təşkilatının hesabına vaxtında köçürülmədiyi halda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə olunurlar.

AHİK sədri kollektiv müqavilələrdə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə xüsusi diqqət olunmasının vacibliyini vurğulayıb. Həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı maarifləndirmənin hər zaman aparılmasını qeyd edib.

S.Möhbalıyev sanatoriyaların, istirahət mərkəzlərinin tikilməsinə, təmirinə vəsait ayrılmasının da vacib amillərdən biri olduğunu deyib: "İstirahət mərkəzlərimiz, sanatoriyalarımız vaxtaşırı əsaslı təmir olunur, müasir avadanlıqlarla təchiz edilir. Üzvlərimizin mənalı istirahətinə hər cür şərait yaradılır".

AHİK sədri problemlərdən də danışıb. Onların həlli yollarını göstərib, öz tövsiyələrini verib.

Sonda təşkilati məsələyə baxılıb. Umud Hüseynov "İnşaat-İş" Hİ-nin sədri seçilib.

Qurultay yekdilliklə Səttar Möhbalıyevin AHİK-in V qurultayında yenidən AHİK sədri vəzifəsinə namizədliyinin irəli sürülüb müdafiə olunması barədə qərar qəbul edib.

 

Azər MUSTAFAYEV