Əsgər və zabitlərimizə dövlət qayğısı yüksəkdir


Baxıldı : 75

Tarix : 2018-06-30 04:26:05


Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, dövlətimizin gənclər siyasətinə dəstək Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Hər il Respublika Komitəsi bu istiqamətdə müxtəlif tədbirlər təşkil edir. Belə tədbirlərdən biri də iyun ayının 26-da Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində keçirildi.

Görüşdə Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış etdi. O, əsgər və zabitlərimizə Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamını və təbriklərini çatdırdı.

Mirzə müəllim dövlət tərəfindən ordu quruculuğuna, vətənimizin keşiyində dayanan əsgər və zabitlərimizə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Ordusu Qafqazın ən qüdrətli ordusuna çevrilmişdir. Bunun göstəricisidir ki, bu gün Azərbaycan əsgərləri bütün hərbi təlimlərdə və xidmət dövründə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirirlər. Ordumuz ən müasir silahlarla, hərbi texnika ilə təmin edilib. Ordumuz qısa müddət ərzində işğal olunmuş torpaqlarımızı azad etmək qüdrətindədir. Azərbaycan Ordusu bunu aprel döyüşlərində və Şərur rayonunun Günnüt kəndinin işğaldan azad edilməsi əməliyyatlarında bir daha sübut etdi.

M.Cəfərzadə həmkarlar ittifaqı və ordu əlaqələrinə də toxundu. Dedi ki, Azərbaycan həmkarlar ittifaqının fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi, hərbi hissələrə mənəvi dəstək mühüm yer tutur. Təşkilatımız müntəzəm olaraq əsgər və zabitlərimizə baş çəkir, bayramlarını sovqatlarla təbrik edir, onları ölkəmizə gedən iqtisadi, sosial proseslər barədə məlumatlandırır. Xüsusilə bayram günləri hərbi hissələrdə tanınmış müğənnilərin iştirakı ilə konsertlər təşkil edir.

M.Cəfərzadə çıxışının sonunda Respublika Komitəsi adından hərbi hissə rəhbərliyinə hədiyyə təqdim etdi.

Sonra tədbirdə “N” saylı hərbi hissənin zabitləri çıxış etdilər. Onlar göstərdiyi diqqət və qayğıya görə, başda TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev olmaqla, Respublika Komitəsinin kollektivinə təşəkkürlərini bildirdilər.

Görüş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  tələbə həmkarlar ittifaqı komitəsinin özfəaliyyət kollektivinin konsert proqramı ilə davam etdirildi.