Əsgər və zabitlərimizə yardım edilib


Baxıldı : 64

Tarix : 2020-11-20 21:39:57



Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələri işğal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə tədbirlər həyata keçirir. Belə ki, sentyabrın 27-dən başlayaraq TİAHİ-nin xidmətinə daxil olan müxtəlif təşkilatlar tərəfindən ərzaq, geyim, gündəlik tələbat malları, eləcə də zəruri tibbi ləvazimat alınaraq ön cəbhədə döyüşən əsgər və zabitlərimizə göndərilmişdir. Həmçinin həmkarlar ittifaqı komitəsi sədrləri müxtəlif hospitallarda müalicə olunan yaralı hərbçilərimizlə görüşərək onlara mənəvi dayaq olmuş, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin ailələrini ziyarət edərək onların problemləri ilə maraqlanmışlar.  
Noyabrın 16-da Respublika Komitəsi orduya dəstək aksiyasında iştirak edib. Həmin gün Respublika Komitəsi tərəfindən 20 min manat dəyərində gündəlik tələbat malları və isti geyimlər alınaraq (papaq, əlcək, alt paltarı, üzqırxan, corab və s.) Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsinin şəxsi heyətinə təqdim edilib. Hərbi hissənin zabit və əsgərləri ilə görüş zamanı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə onları Ordumuzun Ermənistan üzərində qazandığı inamlı qələbə münasibətilə TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbrik edib. Bildirib ki, bu qələbənin müəllifi Azərbaycan Ordusu və onun Ali Baş Komandanıdır: “44 günlük müharibədə Azərbaycan Ordusu hansı gücə qadir olduğunu göstərdi və Ermənistanı təslimçi sülhə məcbur etdi. Azərbaycan xalqına bu qələbəni yaşatdığı üçün Azərbaycan əsgərlərinə və peşəkar zabitlərimizə, bizə bu sevinci yaşadan möhtərəm Prezidentimiz İlham Əliyevə ittifaqımızın hər bir üzvü adından öz təşəkkür və minnətdarlığımızı bildiririk. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.