Əsgərlər ziyarət edildi


Baxıldı : 36

Tarix : 2019-09-27 17:45:16


Sentyabrın 24-də Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının əməkdaşları  Nazirliyin Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində olublar.

Görüşdə Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov, Fövqəladə Hallar Nazirliyinin aparatında, qurumlarında və regional mərkəzlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Əvvəlcə Dövlət himni səsləndirilib, sonra FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda geniş məruzə ilə çıxış edib.

Natiq qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin nəticəsidir. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir. Zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaq.

O, ümummilli lider Heydər Əliyevin və onun siyasi yolunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin inkişafı, qüdrətlənməsi, xüsusən ordu quruculuğu sahəsindəki gördüyü işlərdən geniş bəhs edib. Sədr çıxışında xalqımızın ağrılı yeri olan Qarabağ probleminə toxunaraq son illərdə Azərbaycan Ordusunun cəbhədəki uğurlarını geniş şəkildə qeyd edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərə Allahdan rəhmət, yaralı və sağlamlığını itirmiş əsgər və vətəndaşlarımıza şəfa diləyib.

Natiq qeyd edib ki, FHN İşçiləri Həmkarlar İttifaqının üzvləri Mülki Müdafiə Qoşunları komandanlığı və orada xidmət edən əsgər və zabitlərlə birgə hər zaman Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşəcək, torpaqlarımızın işğaldan azad olunmasında öz səy və bacarıqlarını əsirgəməyəcəklər.

Sonda hərbi hissənin rəhbərliyi çıxış edərək Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqına təşəkkürünü bildirib.

Görüşdə Həmkarlar İttifaqı tərəfindən əsgər və zabitlərə sovqat və xidmətdə fərqlənən əsgərlərə qiymətli hədiyyələr verilib.

Sonra görüş iştirakçıları hərbi hissədə əsgərlərin yaşayış, istirahət, qidalanma şəraitləri ilə tanış olub və gördükləri yüksək səviyyəli şəraitdən məmnunluqlarını bildiriblər.