Əsgərlərlə yüksəklikdəki postlarda görüşdülər


Baxıldı : 40

Tarix : 2017-09-23 01:21:18


Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK)  ənənəsinə sadiq qalaraq növbəti dəfə əsgər və zabitlərin görüşünə getmişdir. Bu dəfə onlar Qərb bölgəsində yerləşən hərbi hissədə olmuşlar. Əvvəlcə BHİK-in sədri Abiyat xanım Ağadadaşova və əməkdaşları Gəncə Qarnizonunun Zabitlər Evinin 25 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda iştirak etmişlər. Abiyat xanım tədbirdə çıxış edərək özünün və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanovun təbriklərini çatdırdı. Dedi ki, Zabitlər Evinin kollektivi döyüşçülərin mənəvi-psixoloji hazırlığının yüksəlməsində əvəzsiz işlər görür. Bu işdə onlara uğurlar arzuladı.

Tədbirin sonunda Zabitlər Evinin rəisi, polkovnik-leytenant Sergey Mirzəyevə və bir qrup mülki işçiyə BHİK-in Fəxri fərmanlarını, qiymətli hədiyyələr və pul mükafatları təqdim etdi.

Komitənin əməkdaşları sonra hərbi hissədə oldular. Qonaqları polkovnik Polad Həşimov qarşıladı, göstərdikləri xeyirxah təşəbbüsə görə öz təşəkkürünü bildirdi. Dedi ki, qoşunlarımız Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə hərtərəfli əhatə edilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq gündəlik döyüş hazırlığı dərslərində, təlimlərdə öz ixtisas hazırlıqlarını artırmaqla məşğuldurlar. Bölmələrimiz  Ali Baş Komandanın verəcəyi istənilən döyüş tapşırığını hər an yerinə yetirməyə hazırdır.

A.Ağadadaşova isə görüşə gəlmələrinin səbəbini bildirərkən dedi ki, biz yaxşı bilirik, ordumuz dövlətimiz tərəfindən tam təmin olunub, əlavə heç nəyə ehtiyacı yoxdur. Ön mövqelərə baş çəkməkdə məqsədimiz Azərbaycan zabit və əsgərlərinə öz mənəvi dəstəyimizi göstərməkdir. Elimizin bir adəti var, qonaq heç yerə əliboş getməz. Sizin görüşünüzə də biz  əliboş gəlməmişik,  döyüşçülərimizə sovqat gətirməyi özümüzə borc bildik.

Sonra zabit Rasim Manafov və Daşqın Bənnayevin müşayiəti ilə BHİK nümayəndələri ön xəttə yola düşdülər, yüksəkliklərdə döyüş növbəsi aparan cəsur əsgərlərlə görüşdülər. Qayğıları ilə  maraqlandılar. Olduqca səmimi şəraitdə keçən söhbət həm döyüşçülərin, həm də qonaqların ürəyincə oldu.

Həmkarlar ittifaqı komitəsinin nümayəndələri gətirdikləri sovqatı - televizoru, Azərbaycan bayrağını, Azərbaycan dilinə tərcümə olunmuş “Qurani-Kərim”in nəfis nüs-xələrini, digər qiymətli hədiyyələri  hərbçilərimizə bağışladılar, onları dadlı şirniyyata qonaq etdilər.

Polkovnik-leytenant Rasim Manafov bildirdi ki, komitə sədri Abiyat Ağadadaşova bu yüksəkliklərdəki postlara qalxmış ilk qadın qonaqdır. Bu görüş əsgərlərimizin yaddaşından  heç zaman çıxmayacaq.

BHİK əməkdaşları avqustun 7-də erməni hərbçilərinin atəşi nəticəsində ayağından qəlpə yarası almış Qaralar kəndinin sakini 13 yaşlı Ramil Yusifova da baş çəkməyi özlərinə borc bildilər. Abiyat xanım Ramilin vəziyyəti  ilə maraqlandı, ona hədiyyələr bağışladı.

 

Bəyalı RZAYEV