Əsir düşmüş qadınlar da gündəmə gətirildi


Baxıldı : 218

Tarix : 2018-03-09 23:22:03


Martın 7-də Türkiyənin Ankara şəhərində “Hak-İş” Həmkarlar İttifaqları Konfederasiyasının “Kadın Emeyi Buluşması” devizi altında 7-ci Beynəlxalq qurultayı keçirilmişdir. 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş qurultayda dünyanın müxtəlif yerlərindən qonaqlar, eləcə də Pan Avropa Regional Şurasının Qadın Komitəsinin rəsmi nümayəndələri, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib  Ərdoğan və bir neçə nazir iştirak etmişlər.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin mütəxəssisi Röya Qarayeva çıxış etmişdir. O, AHİK-in rəhbərliyi adından tədbir iştirakçılarını salamlamış, bütün Türkiyə qadınlarının 8 Mart - Beynəlxalq Qadınlar Bayramını təbrik etmişdir. Türkiyə- Azərbaycan qadınlarının tarixi mərdliyi, azadlığı və xoş niyyətliliyindən danışmışdır. Həmçinin qeyd etmişdir ki, bugün qadınlara qarşı zorakılıq və haqsızlıqlar bütün dünyanı narahat edir. Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində öz yurdlarından məcburən köçkün düşmüş  və 20 ildən çoxdur əsirlikdə olan yüzlərlə Azərbaycan qadınının taleyindən hələ də xəbər yoxdur.

Dünya təkcə iş yerlərində deyil, müharibələrdə də zorakılığa məruz qalan qadınların azadlıq hüquqlarına hörmətlə yanaşmalıdır.

R.Qarayeva Azərbaycanda zərif cinsin nümayəndələrinə dövlət qayğısından da söz açdı. Dedi ki, dövlətimizin həyata keçirdiyi gender siyasətinin icrasında həmkarlar ittifaqları da fəal iştirak edir.

Natiq çıxışını dahi Azərbaycan şairi Hüseyn Cavidin qadınlara həsr etdiyi şeirlə bitirdi.

Tədbirdə AHİK-in Beynəlxalq Əlaqələr Şöbəsinin digər mütəxəssisi - Ceyla Şamçiyeva da iştirak edirdi.