Eşitmişəm ki, tibb müəssisələrində olduğu kimi, təhsil müəssisələrində də sertifikatlaşdırılma işləri aparılacaq və sertifikatlaşdırılmadan keçə bilməyənlər işdən çıxarılacaq, bu, doğrudurmu?


Baxıldı : 84

Tarix : 2018-09-24 05:37:56


Eşitmişəm ki, tibb müəssisələrində olduğu kimi, təhsil müəssisələrində də sertifikatlaşdırılma işləri aparılacaq və sertifikatlaşdırılmadan keçə bilməyənlər işdən çıxarılacaq, bu, doğrudurmu?

    

Fərid QULUYEV,

Sumqayıt şəhəri.

 

- Bəli. 12iyun 2018-ci ildə Əmək Məcəlləsinə “Azərbaycan Respublikasında dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması “ adlanan 67-2 maddəsi əlavə edilib. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılmaya cəlb edilirlər.

Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.

İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırılmadan keçmiş şəxslər sertifikatlaşdırılmaya cəlb edilmirlər.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması, onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

Onu da qeyd etmək lazımdır ki, Məcəlləyə bu maddə əlavə ediləndən sonra Məcəllənin 66-cı maddəsi ilə müəyyənləşdirilmiş  attestasiya olunmayan işçilər  sırasına Azərbaycan Respublikasında dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər də aid edilmişdir.

 

Yoldaşımla 17 ildir ki, dini nikah bağlayıb yaşayırıq. İndi məhkəməyə verib ayrılmaq istəyirəm. Amma deyirlər ki, sən məhkəməyə müraciət edə bilməzsən. Sənin “zaqs”ın yoxdur, nəyi ləğv edəcəyik? Dini nikahı ləğv etmək olarmı?

Sənubər HÜSEYNOVA,

Yevlax şəhəri.

 

- Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində    bağlanmış nikah tanınır.

Nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini Ailə Məcəlləsi müəyyən edir, Məcəllə ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.

Həmin Məcəllənin 1-ci maddəsinə əsasən,  dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir.

Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.

Amma dini kəbinkəsmə heç bir hüquqi nəticə törətmir və qanunla qorunmur, müdafiə olunmur. Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik olmadığına görə onun ləğvinə məhkəmə orqanlarında baxılmır.

 

Sığorta müqaviləsinin qüvvəyə minməsi və qüvvədən düşməsi vaxtı qanunla müəyyən edilibmi?

İdris HƏSƏNOV,

Bakı şəhəri.

- Sığorta müqaviləsində əsasən həmin müqavilənin qüvvəyə minməsi və qüvvədən düşməsi vaxtı göstərilir. Belə hal nəzərdə tutulmayanda isə sığorta müqaviləsinin qüvvədə olduğu müddət “Sığorta haqqında” qanunun 27-ci maddəsi ilə aşağıdakı kimi müəyyən edilir.

1. Müqavilə ilə və ya qanunla başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığortalının ilk sığorta haqqını ödədiyi gün saat 24-00-da qüvvəyə minir.

2. Müqavilədə və ya icbari sığorta haqqında qanunda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta hadisəsinin baş verdiyinə görə sığorta məbləğinin tam verildiyi andan qüvvədən düşür.