Eskalatorların işlək vəziyyətə gətirilməsi labüddür


Baxıldı : 424

Tarix : 2020-06-12 05:52:18


Son illər Bakıda inşa edilmiş yeraltı keçidlərin əksəriyyəti eskalatorla təchiz edilsə də, onların bir qismi işləmir. Bu kimi hallara paytaxtın bəzi ərazilərində, hətta mərkəzi küçələrində də rast gəlmək olar.

Eskalatorların işləməməsi hamıya, xüsusilə də yaşlı, fiziki məhdudiyyətli insanlara çətinlik yaradır. Son nəticədə eskalatordan istifadəyə ehtiyacı olan bu insanlar yeraltı keçidlərdən istifadə etməməyə, nəqliyyat vasitələrinin sıx olduğu yollarla hərəkət etməyə üstünlük verirlər. Bu isə onların narahatlığına və narazılığına səbəb olur. Necə deyərlər, biri var olmaya, biri də var görüntüsü olub özü bir işə yaramaya.

 Məsələyə aydınlıq gətirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, nəzarətçilər eskalatorlara gündəlik baxış keçirirlər: “Eskalatorun təmiri mümkünsə, bu, həyata keçirilir və qısa müddət ərzində işlək vəziyyətə salınır. Lakin təmiri mümkün deyilsə, sifariş verilir və eskalatorun ehtiyat hissəsi xaricdən gətirilir. Sifariş olunan material gələnə kimi isə eskalatorlar işlək vəziyyətdə olmur.

A.Nəcəfli dedi ki, il ərzində ən azı 50-60 eskalatorun təmir işləri həyata keçirilir. Bizim xüsusi briqadamız var. Demək olar ki, hər gün briqada harada problem varsa onunla maraqlanır və aradan qaldırmağa çalışır. Hətta bu yaxınlarda bir piyada keçidinin çıxışında pilləkən yox idi, ancaq eskalator quraşdırılmışdı və o da işlək vəziyyətdə deyildi. Təmiri mümkün olmadığı üçün yenisi ilə əvəz olunmalı idi. Ona isə külli miqdarda vəsait lazım olduğundan biz məcbur olduq bu keçiddəki eskalatoru pilləkənlə əvəz etdik. Eskalator işləmədikdə isə onun pilləkən hissəsinin hündürlüyü adi pilləkəndən daha yüksək olur. Ondan belə halda istifadə çətinlik yaradır. Bildirim ki, beynəlxalq təcrübədə də piyada keçidləri əsasən adi pilləkənlərlə təmin olunur, eskalatorlara nadir halda rast gəlinir.

Əsli ƏHMƏDOVA