Etibarnamə hansı müddətə verilir?


Baxıldı : 143

Tarix : 2019-02-11 04:33:13


 


 

Etibarnamə hansı müddətə verilir?

Səlim MİRZƏYEV,

Gəncə şəhəri.

- Mülki Məcəllənin 363.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Bu istisnadan başqa, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Əgər etibarnamədə bağlandığı tarix göstərilməyibsə, bu etibarnamə əhəmiyyətsizdir.

     Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.    

 

Dolanacaq xərclərinin yüksəlməsi, artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarı artırıla bilərmi?

     Səbuhi MUSAYEV,

Bakı şəhəri.

 

- Bəli, Mülki Məcəllənin 1124-cü maddəsinə əsasən, dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir.

 

Ələt azad iqtisadi zonası  yaradılıb. Deyirlər ki, orada işləyən işçilər üçün başqa qaydalar olacaq. Orda mübahisə yararnanda başqa məhkəmələr baxacaq, bu doğrudurmu?

     Yalçın MƏMMƏDOV,

Bakı şəhəri.

 

- Ələt azad iqtisadi zonası  yaradıldıqdan sonra 4 iyun 2018-ci ildə  Azərbaycan Respublikası Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edən “Ələt azad iqtisadi zonası haqqında” AR qanunu qəbul edildi Həmin qanunun 20-ci maddəsinə əsasən, Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində əmək münasibətlərini tənzimləmək, o cümlədən əməyin təhlükəsizliyini təmin etmək və sosial təminat məsələlərini həyata keçirmək məqsədilə daxili qaydalar formasında əmək qaydaları qəbul edir.

Mübahisələrin həlli məqsədilə Arbitraj mərkəzi, mübahisələrin digər həlli qurumu yaradıla bilər.

Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində mübahisələrin həlli qurumlarının fəaliyyətinin təmin edilməsi, onlar tərəfindən mübahisələrə baxılması və mübahisələrin həlli ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə daxili qaydalar formasında mübahisələrin həlli qaydalarını qəbul edir.

Tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, mübahisələrin həlli qurumları Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, Azad Zona rezidentlərinin mülki, iqtisadi, əmək və inzibati mübahisələrinin və ya Azad Zona və onun fəaliyyəti ilə bağlı olan hər hansı digər mübahisənin həlli və təfsiri üçün müstəsna yurisdiksiyaya malikdirlər.

Tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, əsas iqtisadiyyat məhkəmələri Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, Azad Zona rezidentlərinin tərəfi olduqları mübahisələrə və ya Azad Zona və onun fəaliyyəti ilə bağlı olan hər hansı digər mübahisəyə, bu Qanunda göstərilən hallar istisna olmaqla, baxmaq səlahiyyətinə malik deyildir.

Azad Zona mübahisələrin həlli qurumlarının müstəsna yurisdiksiyasına aid edilən məsələlərə əsas iqtisadiyyatın məhkəmə orqanları və mübahisələrin digər həlli qurumları tərəfindən baxıla bilməz. Azad Zona mübahisələrin həlli qurumları tərəfindən qəbul edilmiş qərarlar icra sənədi hesab edilir və bu qərarlar, Azad Zona apellyasiya qurumları istisna olmaqla, digər məhkəmə və ya arbitraj tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.