Etno-musiqi gecəsi keçiriləcək


Baxıldı : 272

Tarix : 2017-01-18 22:42:01


Yanvarın 30-da "YARAT" Müasir İncəsənət Mərkəzində "Sükutun mühafizəçiləri" ("Les Gardiens Du Silence") qrupunun etno-musiqi gecəsi keçiriləcək.

"Nəfis obyektlər" kurator layihəsi çərçivəsində baş tutacaq konsertdə Kitaru Lina Oçimara (vokal və fizqarmon), Səda Həsənova (qanun), Aydan (zərb və reynstik), Vyaçeslav Lizunov (akustik gitara), Ramirez (weedy grooves), Dinara (qaval) və Elmar Hüseynov (dəmir qopuz) çıxış edəcəklər.

Kuratoru Lana Sokolova olan "Nəfis obyektlər" layihəsi gender problemləri ilə bağlı dialoqa dəvət edən performanslar silsiləsidir. Bu layihə qadının müasir cəmiyyətdə roluna ünvanlanır, kişilər və qadınlar arasında münasibətləri formalaşdıran əzəli və çağdaş vəziyyətləri araşdırır. Sözügedən layihə gender münasibətləri haqqında fundamental sualları qaldırır, insan təbiəti haqqında fəlsəfi ehtimalları təhlil edir və daha geniş bərabərliyi və qarşılıqlı anlaşmanı bir araya gətirən yeni sosial təcrübələrin mümkünlüyünü nəzərdən keçirir. Gender bərabərliyi məsələsi bir sıra qadın ifaçılar tərəfindən qabardılır və dəstəklənir.

Budəfəki tədbir qadının müasir cəmiyyətdə rolunu və onun daim ikinci planda qalması məsələsini diqqətə çatdıracaq. Qrupun vokalçı qadın ifaçısı musiqiçilər çevrəsində yox, ayrıca çıxış edəcək. Beləliklə o, cəmiyyət modeli ilə qadının həmin modeldəki statusunun müqayisəsini aparacaq.

Azər MUSTAFAYEV