Ev arzusunda olanlar hələ də  intizardadır


Baxıldı : 219

Tarix : 2020-02-07 13:49:38


 Ölkədə şəxsi vəsaiti yetərli olmayan vətəndaşların mənzilə tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilmişdi.

Əhalinin sosial rifahının yaxşılaşdırılması yönündə atılan bu addım sayəsində uzun illər kirayə ödəyən və evsiz qalan vətəndaşlar artıq kirayə haqqını dövlətə ödəyərək mənzil sahibi olacaqdılar. Lakin kirayə mənzillər üçün elektron müraciət zamanı təşkilati nöqsanlara yol verildi. Sayta daxil olanların çoxluğu səbəbindən elektron müraciətləri qeydə almaq mümkün olmadı.

Məsələ ilə bağlı məlumat açıqlayan İpoteka və Kredit Zəmanət Fondu elektron müraciətin müvəqqəti dayandırıldığını və problemin həll olunması ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəyini bildirib.

***Bəs evləri olmayan  insanlar  nə zaman arzularına çata biləcəklər?

***Bəzi saytlarda  evlərin qiymətləri ilə bağlı verilən açıqlamalar  nə dərəcədə həqiqətə uygundur?

İnsanlarda bu  sosial layihəyə biznesyönümlü layihə kimi baxışın formalaşmasına səbəb nə oldu?

Əmlak üzrə ekspert Ramil Osmanlı bildirdi ki, 1200-1500 manat orta aylıq gəliri olan vətəndaşlar ipoteka kreditlərindən yararlana bilərdi. Bu layihənin mahiyyəti ondan ibarət idi ki, ipoteka kreditindən yararlana bilməyən təbəqə də həyatının sonuna qədər kirayədə yaşamasın və mənzilə sahib olsun.  Lakin o da məlum idi ki, layihəyə ayrılan vəsait və Fondun vəsaiti yaxın 5-10 il ərzində  ölkədə böyük bir kütlənin mənzillə təmin olunmasında yetərli olmayacaq. Amma ən azından bu layihə çərçivəsində 1000-2000 nəfər evsiz vətəndaşın mənzilə sahib olmasına ümid edirdik. Lakin indiki şərtlər çərçivəsində  bizim düşündüyümüz təbəqə də bu layihədən yararlana bilmədi. Həmçinin mənzillərin sayı da müraciətlərə baxanda azlıq təşkil edir.

R.Osmanlı bildirdi ki,  əsas məsələ mənzillərin ərazi üzrə kirayə dəyəridir.  Qiymətləndirmədə buna gəlir yanaşması ilə dəyərləndirmə deyirlər. Məsələn, orta hesabla  100 min manat dəyəri olan 1 mənzili gəlir yanaşması ilə götürsək, aylıq kirayə dəyəri 400-420 manat təşkil edir. Yüz min manata Gəncə prospektində 3 otaqlı, təxminən 90-100 kv.m arasında  tam təmirli mənzil almaq mümkündür. Lakin kirayə mənzillər ücün qeyd olunan rəqəmlərlə biz Gəncə prospektində təxminən ikiotaqlı  və daha kiçik ölçülü mənzillərə sahib ola bilərdik.  Bizim əsas müzakirəmiz və dayandığımız məqam bundan ibarətdir.  Ərazi üzrə kirayə qiymətləri müəyyən olunmalıdır.  Xərcləri də nəzərə almaqla orta kirayə dəyərinə uyğunlaşan bir rəqəm təyin olunmalıdır.

Bu günlərdə bəzi ekspertlər sosial şəbəkələrdə bununla bağlı bir düstur göstərmişdilər. Məsələn, Sumqayıt şəhərində Fondun nəzdində olan bir otaqlı kirayə mənzillərin aylıq qiyməti 300 manata yaxındır. Hazırda burada əla təmirli iki otaqlı  mənzilin isə  kirayə haqqı  200 manatdır. Birotaqlı mənzil üçün aylıq  300 manat təyin olunmasının hər hansı iqtisadi əsasnaməsi olmalıdır.

Digər tərəfdən paytaxta yaxın olan ərazilərdə, məsələn, Xətai rayonu, Gəncə prospektində mənzilin  1 kv.m dəyəri  850-900 manatdır. Bina yekunlaşanda çıxarış verilən zaman bu mənzillərin qiymətlərində müəyyən miqdarda artımı da nəzərə alsaq, təxmini 1kv.m 1000 manat, hər kv.m üçün 200 manat da təmir xərci əlavə etsək mənzil təxminən1200 manat dəyərində olar.  Düşünürəm ki, İpoteka Kredit Zəmanət Fondu məsələ ilə bağlı öz konkret mövqeyini yaxın günlərdə açıqlayacaq. Əminəm ki, müsbət yöndə dəyişikliklər olacaq.

Əsli ƏHMƏDOVA