Evləndikdən sonra nişanlım mənim soyadımı qəbul edəcək


Baxıldı : 73

Tarix : 2020-02-14 16:37:57


 

Evləndikdən sonra nişanlım mənim soyadımı qəbul edəcək. Bunun üçün haraya müraciət etməliyik? Soyadın dəyişdirilməsi sonralar hər hansı bir problemə səbəb olmaz ki? Ali təhsilli olduğu üçün diplom və sair sənədlərdə öz soyadını daşıyır.

Rafiq MƏMMƏDLİ, Bakı şəhəri.

 

- Evlənənlərin soyadının dəyişdirilməsi, yəni ər-arvadın birinin soyadının seçilməsi Ailə Məcəlləsi ilə tənzimlənir.

Nişanlının soyadının dəyişdirilməsi üçün müraciət edəcəyiniz yer nikah üçün gedəcəyiniz rayon qeydiyyat şöbəsidir. Belə ki, nikaha düşməmişdən 1 ay əvvəl müvafiq Qeydiyyat (VVADQ) şöbəsində nikaha düşmək üçün ərizə doldurulur. Soyadını dəyişmək istəyən  ər-arvadın seçdiyi soyad həmin ərizədə mütləq qeyd edilməlidir. Çünki Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən: “ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin, arvadının soyadını öz soyadı ilə birləşdirə bilər”.

Soyad seçmək hüququ ər-arvadın şəxsi qeyri-əmlak hüququdur. Ər-arvad nikaha daxil olarkən soyad seçməkdə azaddırlar. Valideynlər və ya yaxın qohumlar bu məsələyə müdaxilə edə bilməzlər.

Qeyd edək ki, nişanlınız öz soyadını saxlayaraq, Sizin soyadınızla onu birləşdirib qoşa soyad da daşıya bilər. Lakin Ailə Məcəlləsinin tələbinə əsasən, nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların dəyişdirilməsinə yol verilmir.

Nişanlınız öz soyadını nikaha daxil olarkən dəyişdirsə, bu Sizə təqdim olunacaq nikahın bağlanması haqqında şəhadətnamədə qeyd olunacaq. Bu isə sonradan şəxsiyyət vəsiqəsi, pasport və s. sənədlərdə soyadın dəyişdirilməsi üçün əsasdır.

Sonradan hər hansı bir sənəddə soyadla bağlı problem yaranarkən nikahın bağlanması haqqında şəhadətnamənin notariatda təsdiq olunmuş surəti verilir. Çünki qeyd olunan şəhadətnamədə ər-arvadın nikahaqədərki və nikahdan sonrakı soyadları ayrıca bənddə göstərilir.

 

1989-cu ildən orta məktəbdə kitabxanaçı işləyirəm. 1994-cü ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini (qiyabi) bitirmişəm. 10 ildən çox stajım var. Bilmək istəyirəm, mənim əməkhaqqım neçənci dərəcə ilə ödənilməlidir?

Səadət ZEYNALOVA, Tərtər rayonu.

 

-Təhsil işçilərinin əməkhaqqının neçənci dərəcə ilə ödənilməsi “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin vahid Tarif-İxtisas Sorğu Kitabça”sı ilə müəyyən olunur. Tarif-İxtisas Sorğu Kitabçası 20 dekabr 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 18-1 saylı qərarı ilə təsdiq edilmişdir.

Sorğu Kitabçasına əsasən, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsilli kitabxanaçı vəzifəsində 8 ildən az olmayaraq əmək stajı olan işçinin əməkhaqqı 12-ci dərəcə ilə ödənilir.

 

Qeydiyyat idarələrində boşanmaq hansı hallarda mümkündür?

Ağa VƏLİZADƏ, Gəncə şəhəri.

 

- Ailə Məcəlləsi ilə nikahın qeydiyyat şöbələri tərəfindən pozulmasına yol verilir. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində xitam verilə bilər.

Məcəllənin 17-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı 3 halda qeydiyyat şöbələri tərəfindən aparılır:

1.Ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

2.Ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

3.Ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.