Əvvəllər işlədiyim dövlət müəssisəsi indi özəlləşdirilib


Baxıldı : 96

Tarix : 2018-06-02 01:57:36


Əvvəllər işlədiyim dövlət müəssisəsi indi özəlləşdirilib. Mən özəlləşdirilmədən əvvəl əmək xəsarəti almışdım, ödənci də hər ay vaxtında alırdım. Özəlləşmədən sonra da ödənc verilirdi. Lakin arada özəlləşmə dövründə həmin ödənci ala bilməmişəm. Odövrkü ödənc mənə verilə bilərmi?

 

İntiqam MƏMMƏDOV,

Sumqayıt şəhəri.

 

- “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” Nazirlər Kabinetinin 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 1.2. bəndinə əsasən, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericilikdə müəyyən edilmiş müddət üzrə onların müraciəti əsasında aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Bu hal isə Prezidentin 2008-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” ilə tənzimlənir. Belə ki, Qaydaların 3-cü hissəsinə əsasən, həmin şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir:

-peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə-30 manat

- peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə-40 manat

- peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə-50 manat

-peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə- 60 manat.

Qeyd edilən qaydalar aşağıda göstərilən dövlət müəssisələrinin sağlamlığı pozulmuş və ya həlak olmuş  işçilərinə  şamil olunur:

1. Bu Qaydalar qüvvəyə minənədək (04 avqust 2008) özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri;

2. 2003-cü il 27 sentyabr tarixindən bu Qaydalar qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələri;

3. Bu Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələri.

Son olaraq bildiririk ki, istehsalat zamanı əmək xəsarəti alan şəxs kimi həmin ödənc Sizə özəlləşmə dövründə, peşə əmək qabiliyyətinin itirilmə faizindən asılı olaraq, müavinət kimi dövlət büdcəsi tərəfindən ödənilməli idi. Özəlləşmə dövründə ala bilmədiyiniz müavinətin verilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz.

 

Kollektiv əmək mübahisəsinin həlli üçün vasitəçi necə təyin edilir? Vasitəçinin təklif etdiyi variantların heç birini tərəflər bəyənmədikdə nə olur?

 

Cavid QURBANOV

Bakı şəhəri

 

-Vasitəçi tərəflərin qarşılıqlı razılığı ilə mübahisənin nəticələrində marağı olmayan yüksək ixtisaslı və nüfuzlu şəxslərdən müəyyən edilir.

Vasitəçi işəgötürəndən kollektiv əmək mübahisələrinə aid olan lazımi sənədləri və məlumatları tələb etmək hüququna malikdir.

Vasitəçi təyin edildikdən sonra 5 iş günü müddətində müəssisənin iqtisadi vəziyyətini, kollektiv danışıqlar üçün yaradılmış komissiyanın protokollarını, tərəflərin təkliflərini, habelə zəruri olan digər sənədləri təhlil edib tərəflərin mövqelərinin barışdırılması variantlarını hazırlayır. Hazırlanmış variantlar dərhal tərəflərə təqdim edilir. Tərəflər 5 iş günü müddətində vasitəçinin iştirakı ilə təklif olunan variantları müzakirə etməlidirlər. Təklif olunmuş variantlardan hər hansı biri bəyənildikdə mübahisə həmin variant əsasında həll olunmuş hesab edilir və bu barədə protokol tərtib edilir.

Təklif olunmuş variantlardan heç biri qəbul edilmədikdə fikir ayrılığı haqqında protokol tərtib edilir.

 

İxtira, faydalı model və sənaye nümunəsi xarici dövlətlərdə patentləşdirilə bilərmi?

 

Turan QULUZADƏ,

Sumqayıt şəhəri.

 

-Bəli, bu, qanunvericilikdə nəzərdə tutulub. “Patent haqqında” qanunun 41-ci maddəsinə əsasən, ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədi müvafiq icra hakimiyyəti orqanına verildikdən sonra xarici dövlətdə patentləşdirilə bilər.

İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən etibarən 3 ay ərzində həmin orqan patent alınması üçün iddia sənədinin xarici dövlətə verilməsinin mümkünlüyü haqqında müvafiq qərar qəbul edir və iddiaçıya bildiriş göndərir.

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə əlaqədar mübahisələrə inzibati qaydada və məhkəmədə baxılır.