Eyni işə görə fərqli maaş düzgün deyil


Baxıldı : 54

Tarix : 2017-07-22 00:07:59


Çexiya Həmkarlar İttifaqları Konfederasiyası (ÇHİK) minimum əməkhaqqının az olması ilə bağlı hökumətə müraciət ünvanlayıb və bu yöndə digər Avropa ölkələri ilə fərqlərin aradan qaldırılmasını tələb edib. Almaniya Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) qonşu ölkənin bu fəaliyyətini dəstəklədiyini açıqlayıb. 6 milyona yaxın üzvü olan ittifaqın baş katibi Reiner Hoffman bildirib ki, Almaniya daxilində fəaliyyət göstərən eyni sektora malik şirkətlərin maaş prinsipi minimum əməkhaqqına uyğunlaşdırılıb və böyük fərqlər yoxdur: "Biz bu prinsipə beynəlxalq şirkətlərdə də əməl olunmasının tərəfdarıyıq. "Volkswagen", "Siemens" kimi beynəlxalq şirkətlərdə çalışanların fərqli ölkələrdə eyni işə görə müxtəlif maaş tətbiq etməsi düzgün addım deyil. Bu, öncə istehsala mənfi təsir göstərə bilər. Bundan başqa şirkətlərin qazanc əldə etmək üçün Almaniyada fəaliyyətini azaldaraq digər dövlətlərə yönəlməsinə gətirib çıxarar".

ÇHİK yaxın müddətdə ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlərlə əməkhaqqının artırılması ilə bağlı müzakirələrə başlayacaq. Bununla bağlı Çexiya Almaniya və Slovakiya həmkarlar ittifaqları nümayəndələrinin bir araya gələrək fikir mübadiləsi aparacağı planlaşdırılır.

Qeyd edək ki, daha öncə "Volkswagen"in paytaxt Bratislavada yerləşən fabrikində maaşların qaldırılması ilə bağlı tətil keçirilmiş və 14 faizlik artıma nail olunmuşdur.

Cavid SƏFƏROV