Əzmkarlıq bəhrəsini verməkdədir


Baxıldı : 112

Tarix : 2017-12-22 21:56:37


Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Çempionatın ilk günü döşək üzərinə yunan-Roma güləşçiləri çıxıb. 117 pəhləvan 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-a qədər çəki dərəcələrində çempionluq uğrunda mübarizə aparıb. Yarışda iştirak edən "Zenit" İdman Cəmiyyətinin yetirmələri xüsusi fəallığı ilə seçiliblər. Belə ki, onlar beş medala ( 3 gümüş və 2 bürünc) sahib olublar. Yalnız finalda məğlub olan Mikayıl Rəhmanov (63 kq.), Namaz Rüstəmov ( 72 kq.) və Hüseyn Abbasov ( 77 kq.) ikinci yeri tutublar. Nofəl Babayev ( 72 kq.) və Adəm Cəlilov ( 130 kq.) isə bürünc medal qazanıblar. "Zenit" İdman Cəmiyyətinin Sumqayıt Şəhər Şurasının yetirmələri olan Nofəl və Hüseyn yarışa məşqçi-müəllim Əbülfət Məmmədovun rəhbərliyi altında hazırlaşıblar. Digər uğur qazanan güləşçilərimiz isə məşqçi-müəllim Zöhrab Abbasovdan bu idman növünün ustalığını öyrənməkdədirlər.   

"Zenit" İdman Cəmiyyətinin yetirmələri sərbəst güləş yarışlarında da fərqləniblər. Bu dəfə medallar daha fərqli olub: iki qızıl və iki bürünc. Bütün rəqiblərini məğlub edən Əfqan Xaşalov ( 57 kq.) və Cəbrayıl Həsənov ( 79 kq.) çempionatın qızıl medalını qazanıblar. Əliabbas Rzazadə ( 57 kq.) və Mahir Əliyev (125 kq.) isə bürünc medala layiq görülüblər.

Güləşçilərimizin əldə etdiyi uğurlarda istedadlı məşqçilər Aslan Ağayev, Cavid Qurbanzadə və Fəxrəddin Nuriyevin peşəkarlığını da qeyd etmək lazımdır.

Qeyd edək ki, çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılır. Onlar ölkə yığma komandasının heyətinə cəlb edilir və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Azər MUSTAFAYEV