Fəaliyyətimizi kollektiv müqavilə ilə qururuq


Baxıldı : 210

Tarix : 2015-01-17 13:07:00


Ötən ili hansı yaddaqalan tədbirlər, işçilərin əmək hüquqlarının müdafiəsi baxımından necə qiymətləndirmək olar?Bizim üçün, yəni mədəniyyət işçiləri üçün ən əhəmiyyətlisi Rayon Mədəniyyət və Turizm Şöbəsinin yeni binasının açılışı oldu. Yaşadığımız Xaçmaz şəhəri gündən-günə simasını, demək olar ki, tamamilə dəyişir.Müasir standartlara cavab verən, daş ornamentlərlə bəzədilmiş bina şəhərin gözəlliyini daha da artırmışdır. Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin və rayonun rəhbərləri iştirak etdilər. Yeni şöbə keçirəcəyimiz tədbirləri daha səviyyəli edəcək, işimizi xeyli canlandıracaq.Rayon komitəsinin 740 üzvü 10 təşkilatda birləşir. Daimi komissiyalar fəaliyyət göstərir. İşçilərimizin əksəriyyətini qadınlar təşkil edir. Respublikamızın hər yerində olduğu kimi, rayonun qadınları burada gedən ictimai-siyasi, sosial-iqtisadi proseslərdə yaxından iştirak edirlər.Fəaliyyətimiz əsasən Rayon Mədəniyyət və Turizm Şöbəsi, İdman və Gənclər İdarəsi ilə bağlanmış kollektiv müqavilə əsasında qurulur. Müqavilənin tələblərinin yerinə yetirilməsi dəfələrlə ikitərəfli görüşlərimizdə müzakirə olunmuş, ortaya çıxan problemlər dərhal öz həllini tapmışdır.Rəyasət Heyətində ittifaq üzvlərinin istirahəti və sağlamlığı, iş şəraitinin yaxşılaşdırılması, musiqi məktəblərindəki vəziyyət, onun pedaqoji kollektivi üçün yaradılan iş şəraitinin vəziyyəti müzakirə olunmuşdur.Əməyin təhlükəsizliyi daim diqqət mərkəzində olmuş, bu qaydalara əməl edilməsi vəziyyəti müzakirə edilmişdir. Bu sahədə heç bir xoşagəlməz hadisə baş verməmişdir.Üzvlərimizin, demək olar ki, əksəriyyəti mədəniyyət evləri və klublarda, kitabxanalarda, musiqi məktəblərində və muzeylərdə çalışırlar. Mütəmadi olaraq həmin müəssisələrə baxış keçirilir və vəziyyət müzakirə olunur.Rayonumuzun ərazisində və ətraf bölgələrdə çoxlu sayda istirahət mərkəzləri yerləşir. Bu da bizi işçilərimizin istirahətinin təşkili və sağlamlığının qorunmasını daha yaxşı təmin etmək üçün münasib imkanlar yaradır. Bizim və gənclər idarəsinin təşəbbüsü ilə Nabranın, Qubanın və Qusarın istirahət guşələrinə, təbiətin qoynuna gəzintilər təşkil olunmuşdur. Ehtiyacı olanlar müalicə yerlərinə göndərilmişdir. İşçilərimiz arasında öz layiqli işi və nüfuzu ilə hörmət qazanmış insanlar çoxdur. Pensiya və yubiley yaşına çatanlar rayon komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələrinə layiq görülmüşlər.Ötən il əlamətdar hadisələrlə yaddaşımızda qaldı. Çalışacağıq ki, bu ilimiz də rayon komitəsinin fəaliyyətində istədiyimiz uğurlarla zəngin olsun.Qərib UMUDOV,Mədəniyyət İşçiləri Hİ Xaçmaz Rayon Komitəsinin sədri