Faciə qurbanlarının xatirəsi anıldı


Baxıldı : 201

Tarix : 2017-03-04 05:33:44


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir. Akademiyanın professor-müəllim və tələbə heyətinin iştirakı ilə gerçəkləşən tədbirdə soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla anıldı. Tədris işləri üzrə prorektor Sirac Məmmədov çıxış edərək Xocalı soyqırımını ümumilikdə insanlığa qarşı törədilən amansız cinayət adlandırdı.

O, Xocalı soyqırımının səbəbləri, dəhşətləri və günahkarları barədə geniş məlumat verdi. Bildirdi ki, bu qətliamı törədənlərin kimliyinin dünya ictimaiyyətinə çatdırılması, ona siyasi qiymət verilməsi təşəbbüsləri ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sirac müəllim dedi ki, Xocalı soyqırımını pisləyən sənədlər qəbul edən dövlətlərin sayı ildən-ilə artır. Buna görə dövlət başçımıza və Heydər Əliyev Fonduna borcluyuq.

Çıxışının sonunda Sirac müəllim dedi: Azərbaycan gəncliyi öz tarixini yaxşı bilməli və milli dəyərlərin təbliği istiqamətində ciddi səy göstərməlidir.

Xocalı hadisələrinin şahidi olmuş Qiyas Əhmədov qeyd etdi ki, şəhərimiz 1991-ci ilin oktyabrından blokadada idi. Şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi helikopter qalmışdı. Xocalıya sonuncu helikopter 1992-ci il yanvar ayının 28-də endi. Şuşa ərazisində mülki helikopterlərin vurulması şəhərimizlə hava əlaqəsini də kəsdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və milli ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Mərasimdə soyqırımı haqqında sənədli film nümayiş etdirildi.

Tədbir akademiya tələbələrinin hazırladığı Xocalı hadisələrini əks etdirən flaşmob ilə sona çatdı.

 

Xaqani MƏMMƏDOV,

Azərbaycan Əmək və Sosial Münasibətlər

Akademiyasının müəllimi