Faciələrin bir daha yaşanmaması üçün


Baxıldı : 225

Tarix : 2018-03-02 23:14:20


Bakı Dövlət Universitetinin (BDU) tələbələri 26 Fevral  - Xocalı Soyqırımı Günü ilə əlaqədar mərasim keçiriblər. Mərasimi BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) təşkil edib. Elə giriş sözünü də təşkilatın sədri Daşqın Qənbərov söyləyib. 26 fevral - Xocalı soyqırımının, əsrlər boyu ermənilər və onların havadarları tərəfindən xalqımızın başına gətirilən bu kimi faciələrin səbəblərini tarixi proseslər fonunda izah edib. Bildirib ki, həmin faciələrin bir daha yaşanmaması üçün olanları unutmamalıyıq.

BDU THİK-in sədr müavini Etibar Əhmədov Xocalı soyqırımını ermənilərin torpaq iddiasının nəticəsi kimi dəyərləndirdi: “Bu faciə bizə dərs olmalıdır. Bilməliyik ki, tarixin istənilən dönüş məqamında onlar bizə arxadan xəncər vurmağa, daha dəqiq desək, torpaq qoparmağa hazırdırlar.

Hüquq fakültəsinin tələbəsi Əkbər Əliyev çıxışında Xocalı soyqırımına beynəlxalq hüquq müstəvisindən yanaşdı. Dedi ki, törədilmiş bu ən ağır beynəlxalq cinayətə görə, Ermənistan tərəfi hüquqi məsuliyyət daşımalıdır.

Sonda tələbə fəallara Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tapşırıqlar verildi.