Faiz dərəcələrinin artırılması müsbət addımdır


Baxıldı : 464

Tarix : 2015-02-28 03:12:00


Manatın ucuzlaşmasından sonra əhalinin daha az zərər çəkməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Belə tədbirlərdən biri kimi əmanətlərin faiz dərəcələrinin artırılması idi. Artıq Əmanətlərin Sığortalanması Fondu belə bir addım atıb. Fonddan verilən məlumata görə, qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9 faizdən 12 faizə qaldırılıb. Bu dəyişiklik 24 fevral 2015-ci il tarixindən qüvvəyə minir və bu tarixdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcəkdir.Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, manatın kursunun aşağı düşməsi dollar ilə əmanət saxlayanlara müsbət, manatla əmanət saxlayanlara isə mənfi təsir göstərirdi: \ Çünki onlar həm faiz əldə edirlər, həm də manatın məzənnəsi aşağı düşdüyündən onlar əmanətlərinin manat ifadəsində əlavə gəlir əldə edirlər. Praktik olaraq bu ona gətirib çıxarır ki, müqavilə müddəti başa çatandan sonra dollar ilə əmanət saxlayanlar əlavə gəlirlər əldə etmək imkanı qazanacaqlar. Bu məzənnə dəyişikliyi manatla əmanət saxlayanlara isə mənfi təsir göstərir. Manatın ucuzlaşması onları əlavə zərərə salacaq. Çünki onların banka yatırdıqları əmanət dəyərini itirib. Buna görə də həmin əmanətlərin indeksasiyası həyata keçirilməli idi. Məsələn, əvvəl manatın məzənnəsi yüksək olanda vətəndaş banka 10 min manat əmanət yerləşdiribsə, bu məbləğ 12 min 550 dollar idi. Bu gün isə bu əmanət 10 min manatdan da aşağı oldu. Təklif etdik ki, bir sıra neft ölkələrində, o cümlədən Qazaxıstanda olduğu kimi, həmin əmanətlər indeksasiya edilsin\ . V.Bayramovun sözlərinə görə, son addım inflyasiyanın siqnalı kimi dəyərləndirilməlidir: \ Burada söhbət sığortalanan əmanətlərin faiz dərəcələrinin artırılmasından gedir və faiz dərəcələri 9 faizdən 12 faizədək artırılıb. Bu onu göstərir ki, artıq banklar inflyasiyaya hazırlaşırlar. Sığortalanan əmanətlərin faiz dərəcələrinin artırılması ilə bağlı qərarın indiki məqamda əsas məqsədi ondan ibarətdir ki, kredit faizləri artırılacaq. Sığortalanan əmanətlərin faizinin artırılması kredit faizlərinin yüksəlməsi anlamına gəlir. Bu, praktik olaraq inflyasiya ilə bağlı bir siqnaldır. Faizlərin 9 faizdən 12 faizədək qaldırılması indiki halda əmanətlərin sərf edilməsinə ciddi təsir göstərməyəcək. Manatın kəskin devalvasiyası vətəndaşların manat yığımına, çox təəssüf ki, mənfi təsir göstərdi. Güman olunur ki, məhz bu qərardan sonra vətəndaşlar xarici valyuta yığmağda maraqlı olacaq\ . Qeyd edək ki, hər bir sığorta hadisəsinə görə əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.Xalid AZƏR