Faşist xislətlilər Beynəlxalq birliyin Ermənistanın növbəti qanlı cinayətinə kəskin münasibəti təcavüzkarı çətin duruma salıb


Baxıldı : 103

Tarix : 2017-07-14 23:52:21


Son iki əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır sarsıntılara, məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb.

Dünya tarixində mövcud olan soyqırımı hadisələrindən heç biri ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi məhvetmə siyasəti qədər dəhşətli olmayıb. Tarix boyu bu qədər uzun müddətdə heç bir xalqa, etnik birliyə qarşı davamlı soyqırımı siyasəti aparılmayıb. Ermənistanın xalqımıza qarşı XIX əsrdən başlayan soyqırımı siyasəti XX əsrin sonlarına qədər davam edib və bu gün də onun ağır nəticələrini yaşamaqdayıq.

İyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndində törətdikləri dəhşətli faciə də bunun tərkib hissəsidir. Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, mülki şəxslərin hədəf seçilməsi vandalizm aktıdır və bu hadisə Ermənistan hərbi-siyasi rejiminin terrorçu mahiyyətini bir daha sübut etmiş olub.

Günahsız dinc sakinlərin, xüsusilə də azyaşlı körpənin qətlə yetirilməsi beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də insanlığa qarşı törədilmiş vəhşi cinayətdir. Dinc əhalini hədəf seçməklə Ermənistan özünün də imzaladığı BMT-nin Cenevrə Konvensiyasının tələblərini, o cümlədən uşaq hüquqlarına dair beynəlxalq sənədləri ciddi şəkildə pozub.

Bu, erməni silahlılarının törətdikləri ilk belə hadisə deyil. Bu, erməni cəlladlarının Xocalıda törətdikləri amansız qətliamın davamıdır. İnsanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatili olduğunu bir daha sübuta yetirir. Qadın, uşaq, yaşlı, gənc demədən hər kəsi xüsusi qəddarlıqla qətlə yetirən erməni faşistlərinin müasir dünyada da eyni əməllərindən geri qalmamaları onların çirkaba bulaşmış cəlladlıqlarının bariz göstəricisidir.

Hərbçilərin, yəni silahlı qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığı bir yaşayış məntəqəsində mülki əhalinin hədəf seçilməsi, əlbəttə ki, erməni məkrinin tərkib hissəsidir. Bu, bir daha sübut edir ki, işğalçının əsas hədəfi dinc Azərbaycan əhalisidir.

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə böyük qayıdışın başlanmasından ciddi narahat olan işğalçı rejim bu cür təxribatlarla azərbaycanlıları qorxutmağa çalışır. Ancaq azğın düşmən unudur ki, öz qüdrətli ordusuna güvənərək cəbhə bölgəsində yaşayan soydaşlarımız heç nədən qorxmadan, mərd şəkildə öz həyatlarını davam etdirir, torpaqlarımızın düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözləyirlər.

Təmas xəttindəki kəndlərdə öz vətəndaşlarını saxlaya bilməyən, kəndlərdən qaçan insanların qarşısını almaqda aciz qalan təcavüzkar ölkənin təşviş içərisində olduğu açıq-aydın görünür. Ermənistanın hərbi-kriminal rəhbərliyi öz uğursuzluqlarını, o cümlədən gənclərin kütləvi şəkildə ölkəni tərk etmələrini, onların kütləvi şəkildə hərbi xidmətdən boyun qaçırmalarını, eyni zamanda aprel döyüşlərindəki məğlubiyyəti çirkin, amansız və insanlığa sığmayan cinayətlərlə bir növ ört-basdır etməyə çalışır.

Ancaq uşaq qatilləri yaxşı anlamalıdırlar ki, vəziyyət belə davam etsə, aprel döyüşləri təkrarlana bilər. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin münaqişəni sülh yolu ilə həll etmək cəhdlərinə Ermənistan hərbi təcavüzlə cavab verir. Azərbaycan münaqişənin həllinə nə qədər səy göstərirsə, Ermənistan da bir o qədər müharibəni qızışdırmağa çalışır.

Təcavüzkarın bu vəhşi hərəkəti cavabsız qalmayacaq, onlar layiqli cavablarını alacaqlar. Qüdrətli ordumuz şəhidlərin, həlak olan dinc vətəndaşlarımızın qanını yerdə qoymayacaq və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız istənilən yolla düşməndən təmizlənəcək. O gün isə uzaqda deyil.

Bir tərəfdə danışıqlar görüntüsü yaradaraq özünü "sülh istəyən" kimi qələmə verib, digər tərəfdə dinc əhalinin yaşayış məntəqələrini ağır artilleriya ilə atəşə tutan, ikiyaşlı körpəni qətlə yetirən faşist xislətli erməni vandalları yenə də arxayın idilər ki, bu çirkin əməllərinə görə onlara heç bir təzyiq göstərilməyəcək. Ancaq beynəlxalq birlik Ermənistanın növbəti qanlı cinayətinə sərt reaksiya göstərdi və Azərbaycanın ərazi bütövlüyünə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək ifadə edib. Dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək günahkarın məhz Ermənistan olduğunu göstəriblər. ATƏT-in Minsk Qrupunun həmsədrləri faktiki olaraq qeyd edirlər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanıb. ATƏT-in son bəyanatının xarakterini nəzərə alaraq, bu qurumların Minsk Qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə etməsi həm də Ermənistanı təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquqa hörmətlə yanaşmağa dəvət etmək anlamına gəlir.

Ermənistanın bu təxribatı nəticəsində bir neçə dinc sakinin, o cümlədən ikiyaşlı uşağın həlak olmasına görə dərin narahatlığını ifadə edən ABŞ Dövlət Departamenti Ermənistanı pozucu və təxribatçı fəaliyyətdən çəkinməyə çağırıb.

Dünyanın aparıcı KİV-i - "Associated Press", BBC, "Euronews", "New York Times", "Washington Post", "Le Monde" və digər bu kimi media orqanları hadisəni obyektiv işıqlandıraraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yayıblar.

Ən nəhayət, beynəlxalq birliyin reaksiyası, xüsusilə də ATƏT-in Minsk Qrupunun ikinci dəfə bəyanat yayaraq baş vermiş hadisəyə dair obyektiv mövqe ifadə etməsi həm də Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzundan irəli gəlir.

 

 

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı, Azərbaycan

Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti, 08.07.2017